İrəvan Azərbaycanda dağıtdığı şəhərlərə görə özünün məsuliyyətini hiss etmir, amma Ukraynada müharibənin nəticələrini "aradan qaldırmağa" çalışır
Ukraynanın Yenidən Qurulması üzrə növbəti Beynəlxalq Konfrans Polşanın Qdansk şəhərində keçirilir. Forumda yüzə yaxın ölkənin iştirak etdiyi bildirilir. Bu cür konfranslar hər il müxtəlif Avropa ölkələrində keçirilir. Azərbaycan bu kimi tədbirlərdə müntəzəm olaraq iştirak edib, baxmayaraq ki, heç kim ərazilərimizin bərpasına həsr olunmuş forum keçirməyib və heç kim bu məqsədlə fond yaratmayıb. Azərbaycan işğaldan azad etdiyi ərazilərini yenidən qurur və öz resurslarından istifadə edir. Buna baxmayaraq, Azərbaycan Ukrayna ilə bağlı konfransların müntəzəm iştirakçısıdır. Çünki Ukraynanın kənar yardım olmadan yaşaması ehtimalı azdır.
Son məlumata görə, Avropa İttifaqı Ukraynaya Dəstək Krediti proqramı çərçivəsində 3,2 milyard avroluq ilk tranşı bu gün, 25 iyunda verəcək.
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu barədə bildirib.
Qeyd edib ki, sabah (bu gün-red.) kreditin ilk 3,2 milyard avrosu Ukraynaya veriləcək.
Kos qeyd edib ki, ilk tranş Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit paketinin bir hissəsi olacaq. Diplomatın sözlərinə görə, vəsait müharibə zamanı Ukraynaya dəstək olmaq və ölkənin yenidən qurulması üçün istifadə olunacaq. Ancaq Ukraynaya dron istehsalı üçün vəsaitin ayrılması müsbət həll olunmayıb. Ayrılan vəsaitin Ukrayna büdcəsinə dəstək məqsədi daşıdığı bildirilir. 
Day.az saytı yazır ki, konfransda bu dəfə Ermənistanın da iştirakı təəccüblüdür. Konfransda Ermənistanı Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Qriqoryan təmsil etməsi bu işə verilən əhəmiyyətdir…Təəccüblü olan odur ki, İrəvan Azərbaycanda dağıtdığı şəhərlərə görə özünün məsuliyyətini hiss etmir, amma Ukraynada müharibənin nəticələrini aradan qaldırmağa çalışır.
Ermənistanın Azərbaycana qarşı günahını yumaq üçün heç bir cəhd göstərməməsi nəzərə alındıqda, Ukraynanın bərpasında iştirakı (Rusiyaya qarşı kin bəsləmək üçün-red.) bir növ qeyri-səmimi görünür. Bəs bu miskin, ələbaxan, gözü Avropanın ayırdığı vəsaitlərə dikilən ölkə ukraynalılar üçün dəqiq nə edə bilər? Ermənistanın büdcəsi az, xarici borcu isə yüksək olduğundan maliyyə yardımı göstərə bilmir. Ermənistan ərazisində müharibə və ya dağıntı olmadığı üçün münaqişədən sonrakı bərpa işlərində təcrübəsi yoxdur. Lakin onun başqa təcrübəsi də var: Spitak zəlzələsindən təxminən 40 il keçməsinə baxmayaraq, fəlakətin nəticələri hələ də tam aradan qaldırılmayıb. Bütün bunlara baxmayaraq, İrəvan Ukraynanı "bərpa etməyə" üstünlük verir. Avropa qarşısında özünü göstərməyə və eyni zamanda Moskvaya dil çıxarmağa çalışır, Ermənistana təzyiqin nəticə verməyəcəyini, çünki indi başqa bir tərəfdarı olduğunu deyir.
Bu anormallığı necə şərh etmək olar? Bakı Ermənistan qarşısında hansısa şərtlər qoya, beynəlxalq məhkəməyə müraciət edə bilərmi, Ermənistanın və havadarlarının, xüsusən Fransanın qərəzli siyasətinə sükutlu reaksiyasının qarşılığında?
Hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, beynəlxalq aləmdə belə paraktika mövcuddur: “Donor ölkələr təbii fəlakətdən, müharibədən, texnogen qəzadan və s. səbəblərdən dağıntıya məruz qalmış ölkələrə dəstək məqsədi ilə belə toplantılar keçirirlər.
Azərbaycanın ərazilərinin 20%-ini yerlə yeksan etmiş, tikinti adına nə varsa, hamısını dağıtmış, fauna və floranı məhv etmiş işğalçı Ermənistanın belə tədbirlərə qatılması nə qədər absurd olsa da, reallıqdır. Ermənistan hazırda Avropa İttifaqı ilə dərin əməkdaşlıq əlaqələri qurub və Avropa İttifaqına inteqrasiya edir. Ən azı belə görüntü yaradıb və hazırda bu görüntü hesabına Avropadan yardımlar, subsidiyalar və siyasi dəstək alır. Ona görə də onun belə tədbirə qatılması təccüb doğurmur”.
S.Məmmədov əlavə etdi ki, Azərbaycan isə bu və ya digər səbəblərdən dağıntıya məruz qalmış ölkələrə həmişə imkan daxilidə yardımlar edir və belə tədbirlərin fəal iştirakçısıdır: “Azərbaycanın 20% ərazisinin işğaldan azad edilməsindən sonra Avropa İttifaqının belə tədbir təşkil etməməsinə də biz təəccüb etmirik. Əvvəla, biz heç kimə bizə yardım etməyi də xahiş etməmişik və əraziləri öz gücümüz və resurslarımızla sürətlə bərpa edirik. İkincisi, Avropa ölkələri heç mina təmizlənməsi aksiyasına da dəstək vermir. Ona görə də umacaq bir şey yoxdur”.
Hüquqşünas xatırlatdı ki, 44 günlük müharibədən sonra Azərbaycan Ermənistandan təzminat tələb edəcəyini bəyan etmişdi: “Hətta dağıntıların qiymətləndirilməsi üçün beynəlxalq qiymətləndirici qurumların dəvət olunacağı barədə də fikirlər var idi. Hazırda Ermənistan və Azərbaycan bir-birinə qarşı beynəlxalq məhkəmə və kvaziməhkəmə (və ya arbitiraj) qurumlarında şikayətlər verib və proses davam edir. Amma Azərbaycan hələ Ermənistana vurduğu ziyana görə təzminat tələbi irəli sürməyib və bununla bağlı hər hansı arbitiraj prosesi barədə mənim məlumatım yoxdur”.
S.Məmmədov digər zəruri xatırlatma da etdi: “2025-ci ilin avqust ayının 8-də Vaşınqtonda imzalanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in 15-ci maddəsində göstərilir ki, “XIV Maddəyə xələl gətirmədən, Tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar”. Bu Saziş sadəcə paraflanıb, amma Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq vədinə əməl edən dövlət olaraq bu məsələdə də vicdanlı davranış nümayiş etdirməkdədir”.
O ki, qaldı Ukraynanın bərpası ilə bağlı tədbirə, ekspert qeyd etdi ki, hələlik müharibə gedir: “Ukraynanın yenidən qurulması üçün yüz milyardlarla vəsait tələb olunur, amma hətta belə vəsitlər üçün mənbələr tapılsa belə, müharibənin davam etdiyi və şiddətləndiyi şəraitdə hər hansı bərba və quruculuq işlərinin aparılacağı real deyil. Fikrimcə, bu toplantı daha çox siyasi dəstək məqsədi daşıyır. Rusiyanın strateji müttəfiqinin, Rusiya ilə bir hərbi blokda və vahid gömrük ittifaqıda olan bir dövlətin-Ermənistanın bu tədbirə qatılması da növbəti ikiüzlülük və davam edən “şaxələndirilmiş” siyasətin tərkib hissəsidir. Hələlik Ermənistanın bu riyakarlığı alınr.
Biz isə yəqin ki, Ermənistan hakimiyyətinin bəyanatlarının arxasında real fəaliyyətlər gözləyirik. Yəqin ki, dövlətimiz diplomatik səbr göstərməkdə haqlıdır. Paşınyan hakimiyyətinin sülhə və əməkdaşlığa olan münasibəti qeyri-səmimidir. Amma Paşınyan mövcud reallğı qəbul etməlidir”.
E.Paşasoy,
Musavat.com






