İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-də korrupsiya qalmaqalı: Mogerini işi Avropa diplomatiyasını silkələdi

413 12.12.2025 19:23 Dünya A A

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) əməkdaşları ilə keçirilən iclasda etiraf edib ki, sələfi Federika Mogerini ilə bağlı korrupsiya qalmaqalı Avropa diplomatları üçün ciddi sarsıntı yaradıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Euractiv portalı məlumat yayıb.

Avropa məhkəmə orqanları daha əvvəl Aİ diplomatik xidmətinin keçmiş rəhbəri və Avropa Kollecinin rektoru Federika Mogerini barəsində dələduzluq və korrupsiya ittihamları ilə istintaqa başlayıb.

“Bu qalmaqallar, şübhəsiz ki, xidmətimizi sarsıdıb”, – Euractiv Kallasın sözlərini sitat gətirir.

Portalın məlumatına görə, Kallasın çıxışı cəmi 30 dəqiqə davam edib və konkret detallarla zəngin olmayıb. Aİ diplomatiyasının rəhbəri cəmi üç suala cavab verib, bundan sonra isə “istəkli ölkələr koalisiyası”nın görüşünə tələsib.

Dekabrın 2-də Avropa Komissiyası və Avropa Prokurorluğu Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətinin rezidensiyasında, Brüqqedə yerləşən Avropa Kollecində, eləcə də bir neçə şəxsi evdə aparılan axtarışları təsdiqləyib. Axtarışlar zamanı üç nəfər saxlanılıb. Onlar tenderlərlə bağlı maxinasiyalarda ittiham olunurlar. Söhbət, o cümlədən, Avropa diplomatik xidmətinin gənc avropalı diplomatların Avropa Kollecində təhsili üçün nəzərdə tutulan proqram üzrə tenderindən gedir. Saxlanılanlar arasında Federika Mogerini və Aİ diplomatik xidmətinin keçmiş baş katibi Stefano Sannino da olub.

İtaliya KİV-lərinin məlumatına görə, saxlanılan şəxslər “ədalətdən yayınma riski olmadığı” üçün sonradan azad ediliblər. Bununla belə, La Repubblica qəzetinin yazdığına görə, Belçika cinayət polisi tərəfindən aparılan dindirilmədən sonra hər üç şəxsə rəsmi ittihamlar irəli sürülüb. İttihamlar satınalmalar sahəsində dələduzluq və korrupsiya, maraqlar toqquşması və peşə sirrinin açıqlanması ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR