İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda uşaqlarını atan “ana” – Hüquq müdafiəçilərindən REAKSİYA gəldi

485 20.07.2026 18:47 Ölkə A A

Xəbər verdiyimiz kimi, Bakıda anaları tərəfindən mütəmadi şəkildə ağır fiziki və psixoloji zorakılığa məruz qalan azyaşlı bacı və qardaş evdən qaçıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. Uşaqların sözlərinə görə, anaları demək olar ki, hər dəfə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verirmiş: “Onlar öz aralarında plan quraraq evdən çıxa biləcəkləri anı gözləyiblər və nəhayət, qaçmağa müvəffəq olublar. Aylardır çimə bilmədikləri üçün ilk olaraq dəniz sahilinə gedib çimməyə qərar veriblər. Daha sonra gecəni sahildə keçiriblər. Səhər tezdən böyük qardaş yaxınlıqdakı taksi sürücüsünə yaxınlaşaraq onları şəhər istiqamətinə aparmasını xahiş edib. Uşaqların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. O, düzgün qərar verərək uşaqları polis bölməsinə aparıb. Polis əməkdaşları uşaqların bədənlərində çoxsaylı yara izləri, saçlarında yanıq izləri və digər zorakılıq əlamətlərini aşkar ediblər. Bundan sonra dərhal müvafiq dövlət qurumları məlumatlandırılıb və birgə görülən tədbirlər nəticəsində uşaqlar sığınacağımıza yerləşdiriliblər”.

Elə bilirlər ki, qadın azad və ya güclü olsa, boşanacaq" - Mehriban  Zeynalova | sfera.az

Mehriban Zeynalova bildirib ki, səhər saatlarında hər iki uşaq məhkəmə-tibbi ekspertizasından keçirilib. Ana isə rəsmi qaydada hər iki övladından imtina edib: “Bu iki uşaq həyatlarını xilas etmək üçün çox ağır və təhlükəli bir yoldan keçməli oldular. Lakin bütün yaşadıqları əzablara baxmayaraq, bu gün onlar artıq təhlükəsiz mühitdədirlər”.

Bəs uşaqların digər valideyni, yəni atası müəyyən edilibmi?

Mehriban Zeynalova Musavat.com-a qeyd edib ki, hazırda məsələ ilə bağlı bütün aidiyyəti dövlət qurumları tərəfindən hərtərəfli araşdırma aparılır: “Bu prosesə hüquq-mühafizə orqanları, o cümlədən polis də cəlb olunub və hadisə xüsusi nəzarətdə saxlanılır. Bütün qurumlar öz səlahiyyətləri çərçivəsində məsələnin araşdırılması ilə məşğuldur. Əsas fəaliyyət istiqamətimiz isə uşaqların rifahının təmin olunmasıdır. İlk növbədə onların psixoloji vəziyyəti qiymətləndirilir, normal qidalanması, gigiyenik şəraiti, sağlamlığı və inkişafı üçün fərdi dəstək proqramı hazırlanır. Qiymətləndirmənin nəticəsindən asılı olaraq, Sosial Xidmətlər Agentliyi uşaqların öz müəssisələrində və ya müvafiq sığınacaqda yerləşdirilməsi ilə bağlı qərar qəbul edə bilər. Hazırda isə qiymətləndirmə və araşdırma prosesi davam edir”.

Mehriban Zeynalova qeyd edib ki, ölkədə belə hallara tez-tez rast gəlinmir: “Statistik baxımdan il ərzində anaların uşaqlara qarşı bu cür davranışı ilə bağlı bir və ya iki fakt qeydə alına bilər. Lakin hər bir hadisəyə fərdi yanaşmaq vacibdir. Çünki belə vəziyyətlərdə tələsik nəticə çıxarmaq doğru deyil. İlk növbədə ananın psixoloji vəziyyəti, yaşadığı mühit, sosial şəraiti, ailədaxili münasibətləri və ümumilikdə sosial-psixoloji durumu peşəkar şəkildə qiymətləndirilməlidir. Hadisəyə təsir göstərən bütün amillər araşdırılmalı və yalnız bundan sonra müvafiq qərar qəbul edilməlidir. "Uşaqların digər valideyni müəyyənləşdirilibmi" sualına gəlincə isə bu istiqamətdə araşdırma Sosial Xidmətlər Agentliyi tərəfindən aparılır. Uşaqlar quruma yeni qəbul olunduqları üçün hazırda bütün məlumatlar dəqiqləşdirilir və qiymətləndirmə prosesi davam edir”.

Bəs ananın uşaqlardan imtinası onu cəzadan qurtarırmı? Qanunla ana, hansı məsuliyyəti daşıyır və cəzası nə ola bilər?

Vəkil Rəşad Əliyev Musavat.com-a qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın saxlanılması, qayğısına qalınması, tərbiyə edilməsi və onun normal inkişafı üçün zəruri şəraitin yaradılması valideynlərin birbaşa vəzifəsidir:

“Qanunvericilikdə valideynlərin öz övladlarından imtina etməsi və ya bu məsuliyyətdən birtərəfli qaydada yayınması ilə bağlı hər hansı hüquq və ya səlahiyyət nəzərdə tutulmayıb. Yəni valideyn istənilən halda uşağın qarşısında daşıdığı hüquqi öhdəlikləri yerinə yetirməyə borcludur”.

Vəkillər Kollegiyası: Vəkilliyə namizədlər and içiblər

Vəkil həmçinin qeyd edib ki, uşaqlara qarşı edilən zorakılıq sübuta yetirilərsə, ana cinayət məsuliyyətinə cəlb edilə bilər: “Uşaqlara qarşı işgəncə və ya zorakılıq faktları ilə bağlı məsələlər hüquq-mühafizə orqanları tərəfindən mütləq qaydada məhkəmə-tibbi ekspertizası təyin olunur. Ekspertiza nəticəsində uşaqlara yetirilmiş xəsarətlərin xarakteri, ağırlıq dərəcəsi, onların sağlamlığına vurulan zərər, eləcə də hadisənin digər mühüm halları ətraflı araşdırılır. Bununla yanaşı, uşaqların yaşı, fiziki və psixoloji vəziyyəti, onların mənafeyi, eləcə də iş üzrə toplanmış digər sübutlar da hüquqi qiymətləndirmə zamanı nəzərə alınır. Məhz bu araşdırmaların və ekspertiza rəyinin nəticələrinə əsasən, əmələ hüquqi qiymət verilir və təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə ittiham irəli sürülür. Bu səbəbdən istintaq başa çatmadan və ekspertiza rəyi əldə olunmadan həmin şəxsin hansı maddə ilə ittiham ediləcəyini və ya onu hansı cəzanın gözlədiyini əvvəlcədən söyləmək mümkün deyil. Çünki hüquqi məsuliyyət birbaşa olaraq ekspertiza rəyi, xəsarətlərin ağırlıq dərəcəsi və istintaq zamanı müəyyən edilən digər faktlardan asılı olaraq müəyyənləşdirilir. Əgər aparılan istintaq nəticəsində həmin şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində həmin əmələ görə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunaraq müvafiq cəzaya məhkum edilə bilərlər”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR