Ukraynanın Azov dənizi akvatoriyasına zərbələri və Azov və Taman limanlarının fəaliyyətinin dayanması Rusiyanın taxıl ixracına ciddi zərbə vurub. Ölkənin buğda ixracının son on ilin minimum səviyyəsinə düşəcəyi gözlənilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “SovEkon” analitik mərkəzinin proqnozuna əsasən, iyul ayında Rusiya ixracatçıları xaricə cəmi 1,5 milyon ton buğda göndərə biləcəklər. Bu, ötən ilin eyni ayındakı 2,1 milyon ton göstəricidən üçdəbir az, son beş ilin orta göstəricisi olan 3,1 milyon tondan isə təxminən iki dəfə aşağıdır.
“SovEkon”un hesablamalarına görə, ixracın həcmi 2017-ci ildən bəri ən aşağı səviyyəyə enəcək və faktiki olaraq on il əvvəlki göstəricilərə qayıdacaq.
“İxracın azalmasının əsas səbəbi Kerç boğazından naviqasiyaya tətbiq edilən məhdudiyyətlərdir”, – deyə “SovEkon”un baş direktoru Andrey Sizov bildirib.
İyulun 11-də dron hücumları ilə əlaqədar Rusiya hakimiyyəti gəmiçilik şirkətlərinə Kerç boğazından keçid üçün müraciətlərin qəbulunun dayandırıldığını bildirib. Nəticədə Rusiyanın Yaxın Şərqə və Türkiyəyə taxıl tədarükü təhlükə altına düşüb. Türkiyə Rusiyanın ixrac etdiyi taxılın hər beş tonundan birini alır.
Kerç boğazındakı problemlər səbəbindən Don çayı vasitəsilə taxıl ixracı da tamamilə dayanıb. Sənaye mənbələrinin Rostovun “Qorod N” nəşrinə verdiyi məlumata görə, ötən kənd təsərrüfatı mövsümündə bu marşrutla xaricə 14,7 milyon ton taxıl və onun emalı məhsulları daşınıb. Bu isə Rusiyanın ümumi taxıl ixracının 27 faizini təşkil edib.
“Hazırda Don üzərindəki limanlarda bütün elevatorlar doludur”, – deyə “Ural-Don” holdinqinin prezidenti Aleksandr Yaroşenko bildirib.
Onun sözlərinə görə, taxıl alışı faktiki olaraq dayanıb, yeni məhsul partiyaları qəbul edilmir, əvvəlcədən razılaşdırılmış ixrac müqavilələri isə məhsulu ölkədən çıxarmaq mümkün olmadığı üçün pozulur.
“İndi əslində aktiv ticarətin başlamalı olduğu dövrdür. Fermerlər buğda məhsulunun yarısının və ya hamısının pulunu alıb həmin vəsaiti yenidən dövriyyəyə buraxmalıdırlar. Amma satmağa adam yoxdur!” – deyə Yaroşenko vəziyyəti belə təsvir edib.
Musavat.com






