İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən "Amazon" şirkətinə məxsus obyektə raket zərbəsi endirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, qanadlı raketlərin hədəfi şirkətin mərkəzi məlumat emalı infrastrukturu olub və bu obyektin "tamamilə məhv edildiyi" iddia edilir.
SEPAH bu hücumun İranın Xuzistan vilayətində inşa olunan "Darxovin" Atom Elektrik Stansiyasının ərazisinə endirilən zərbəyə cavab olaraq həyata keçirildiyini bildirib.
Bununla yanaşı, İran hərbçiləri İordaniya ərazisində, Rukban bölgəsində yerləşən hərbi obyektə də raket zərbəsi endirdiklərini açıqlayıblar.
SEPAH-ın iddiasına əsasən, hücum nəticəsində bir neçə amerikalı hərbçi həlak olub. ABŞ və ya İordaniya tərəfi bu iddiaları hələlik təsdiqləməyib.
Qeyd edək ki, "Darxovin" Atom Elektrik Stansiyası İranın cənub-qərbində, Xuzistan vilayətində, Karun çayı yaxınlığında tikilən, gücü 300 MVt olan atom elektrik stansiyasıdır.
Obyektin inşasına 2022-ci ilin dekabrında başlanılıb. Daha əvvəl bir sıra mənbələr iyulun 19-na keçən gecə stansiyanın yerləşdiyi əraziyə zərbələr endirildiyini və bunun ABŞ tərəfindən həyata keçirildiyini iddia ediblər. Lakin Vaşinqton bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.
Musavat.com






