LG şirkətinin smart televizorları ilə bağlı yeni qərarı istifadəçilər arasında ciddi narazılıq yaradıb.
Musavat.com xəbər verir ki, şirkət televizorlarında istifadə olunan webOS əməliyyat sisteminin istifadə şərtlərini yeniləyib.
Sənədə əsasən, süni intellekt funksiyalarını təkmilləşdirmək məqsədilə səs məlumatlarının yazılması və emalı mümkündür. Diqqət çəkən məqamlardan biri isə odur ki, söhbətlərin qeydə alına biləcəyi barədə ailə üzvlərini və evə gələn qonaqları məlumatlandırmaq məsuliyyəti televizor sahibinin üzərinə qoyulub.
İstifadəçilər ətrafdakı şəxsləri özləri xəbərdar etməli, həmçinin şəxsi məlumatların qorunması və dinləmə ilə bağlı yerli qanunlara əməl olunmasına nəzarət etməlidirlər. Əgər kimsə məlumatlarının emalına razı deyilsə, LG mikrofonun və səsli xidmətlərin söndürülməsini tövsiyə edir.
webOS-un yeni versiyalarını quraşdırmaqdan imtina edən istifadəçilər əvvəlki istifadə şərtlərini saxlaya bilərlər. Lakin bu halda televizorlar təhlükəsizlik yeniləmələrini almayacaq.
Hadisə Gamers Nexus nəşrinin LG cihazlarında məxfiliklə bağlı apardığı araşdırma ilə eyni vaxta təsadüf edib və şirkət istifadəçi məlumatlarından istifadə yanaşmasına görə yenidən tənqid olunub.
Musavat.com






