İnsanlara hürriyət, millətlərə istiqlal!

Haluk Levent işi Əkrəm İmamoğluna bağlanır – Milyonluq pul köçürmələri...

505 20.07.2026 19:08 Kriminal A A

Türkiyədə Haluk Leventin rəhbərlik etdiyi AHBAP Dərnəyi ilə bağlı aparılan istintaqda böyük məbləğdə pul köçürmələrinin dövriyyə məntəqələri üzərindən həyata keçirildiyinə dair yeni məlumatlar üzə çıxıb. İstintaqda adı hallanan dövriyyə məntəqələrindən birinin CHP-li Beşiktaşın keçmiş bələdiyyə sədri Rıza Akpolatla bağlı korrupsiya işində də ortaya çıxması diqqət çəkib.

Musavat.com xəbər verir ki, Türkiyənin iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzetinin məlumatına görə, Haluk Leventin maliyyə əməliyyatlarında hesablarından istifadə etdiyi bildirilən köməkçisi Yeliz Kaya, həmçinin Berk Ulu və Mert Ulu kimi şəxslərin “Süslü Kardeşler Döviz” adlı valyutadəyişmə məntəqəsi ilə böyük həcmdə pul əməliyyatları apardığı müəyyən edilib.

“Sabah” yazır ki, daha əvvəl Rıza Akpolatla bağlı aparılan istintaqda da bu valyutadəyişmə məntəqəsinin adı hallanıb. İstintaq materiallarına əsasən, Akpolatın qanunsuz yolla əldə etdiyi iddia olunan gəlirlərin yaxınları vasitəsilə dövriyyəyə daxil edilməsi araşdırılıb. Bu çərçivədə 2024-cü ilin dekabrında İstanbulun Beykoz rayonundakı Acarkentdə alınan villa üçün 25 milyon lirənin valyutadəyişmə məntəqəsində çevrilərək Akpolatın qohumunun hesabına göndərildiyi müəyyən edilib.

AHBAP istintaqında isə Haluk Leventin qardaşı və CHP-li Şile Bələdiyyəsində aparılan rüşvət istintaqında həbs olunan Berkant Acilin hesablarında böyük həcmdə nağd pul hərəkəti aşkarlanıb. Təkcə 2024-cü ilin avqust və sentyabr aylarında onun hesablarına 97,3 milyon lirə nağd pul yatırıldığı bildirilir.

İstintaq materiallarına görə, Haluk Leventin köməkçisi Yeliz Kaya 10 sentyabr 2024-cü ildə 1,5 milyon dollar – həmin dövrün məzənnəsi ilə təxminən 51 milyon lirə – məbləğində pul yatırıb. Vəsaitin ertəsi gün yenidən Yeliz Kayanın şəxsi hesabına köçürüldüyü iddia olunur.

“Sabah” yazır ki, istintaq orqanları indi həmin valyutadəyişmə məntəqəsinin Əkrəm İmamoğlu ilə bağlı “korrupsiya və rüşvət istintaqında” adı hallanan Qapalıçarşıdakı “Taç Döviz” olub-olmadığını araşdırır. Həmin istintaq çərçivəsində “Taç Döviz”in kassalarında 5 milyard lirəyə yaxın pul aşkar edildiyi iddia olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR