Avropa İttifaqı Rusiya dövlətinə məxsus 210 milyard avroluq aktivlərin Ukraynaya reparasiya ödənilənədək dondurulmuş vəziyyətdə saxlanmasına imkan verən yeni hüquqi mexanizmi təsdiqləyib.
Musavat.com xəbər verir ki, qərar Aİ ölkələrinin daimi nümayəndələri tərəfindən “çox aydın səs çoxluğu” ilə qəbul edilib.
Yeni mexanizm nəyi dəyişir?
Qəbul edilən sxem Avropa Komissiyasına fövqəladə səlahiyyətlər verir və beləliklə, indiyədək məhdudiyyətlərin hər altı ayda bir yenilənməsini bloklaya bilən Macarıstan kimi Rusiyaya yaxın hökumətlərin manevr imkanını aradan qaldırır. Bu isə aktivlərin vaxtından əvvəl dondurulmadan çıxarılmasının riskini kəskin şəkildə azaldır.
Qeyd olunur ki, aktivlərin bir hissəsi Ukraynaya verilə biləcək kreditlər üçün təminat kimi istifadə oluna bilər.
Aİ qərarını necə əsaslandırır?
Brüssel bu addımı İttifaq iqtisadiyyatına ciddi ziyan vurulmasının qarşısını almaq və Kremlin potensial hibrid hücumlarından qorunmaq zərurəti ilə izah edib.
Macarıstan etiraz edir
Macarıstan artıq qərarı rəsmən mübahisələndirib. Budapeşt bunun Aİ hüququnun normalarını pozduğunu və Avropa Komissiyasının neytrallığını zədələdiyini bildirib.
Qərar Avropa İttifaqının Ukrayna ilə bağlı siyasətində ən sərt addımlardan biri kimi qiymətləndirilir.
Musavat.com






