İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ilə Azərbaycan arasındakı əlaqələr yeni səviyyəyə qaldırılır - ŞƏRH

321 23.07.2026 10:53 Siyasət A A

Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri zamanı yüksək səviyyədə qarşılanması ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə artmasından xəbər verir. Bugünlərdə dövlətimizin başçısının Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı da bunun şahidi olduq. Azərbaycan Prezidentinin rəsmi səfəri Bakı ilə Berlin arasında münasibətlərin yeni strateji mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər də təsdiqləyir ki, məqsəd Azərbaycan-Almaniya münasibətlərinin yalnız iqtisadi çərçivələrlə məhdudlaşmadığını, daha geniş geosiyasi və təhlükəsizlik gündəliyini əhatə etməsidir. Almaniyanın artan iqtisadi gücü və hərbi potensialı bu ölkəyə tərəfdaş ölkələrlə, həmçinin Azərbaycanla münasibətlərdə yeni transformasiya yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından və münasibətlərin getdikcə yaxşılaşmasından söhbət açaraq deyib ki, Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Elə həmin il hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb. Həmin vaxtdan indiyə qədər Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlıq həyata keçirilir. Bu müddət ərzində dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında münasibətləri daha da möhkəmləndirib. Dövlətimizin başçısının bu səfəri bir daha təsdiqləyir ki, yeni dünya nizamının müəyyənləşdirilməsi fonunda Azərbaycanın strateji konturlarının Almaniyanın prioritetləri ilə uyğunlaşması əsasında inkişaf edir.

Ç.Qənizadə Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin Berlində mətbuata bəyanatlarla çıxışlarına, jurnalistlərin suallarına verdiyi cavablara münasibət bildirərkən deyib ki, Fridrix Mertsin Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşdıqlarını, ölkəmizlə əməkdaşlıq yolu ilə enerji təchizatını daha da şaxələndirmək istədiklərini vurğulaması Avropanın ən güclü dövlətinin respublikamızla əlaqələrin möhkəmləndirilməsinə maraqlı olmasından xəbər verir.

Almaniya ilə Azərbaycan arasındakı əlaqələr yeni səviyyəyə qaldırılır -  ŞƏRH

Komitə sədri səfər çərçivəsində imzalanan sənədlərdən də söhbət açıb. O, dövlətimizin başçısının mətbuata verdiyi bəyanata istinadən deyib ki, imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”.

Hazırda Azərbaycanda fəal iş görən Almaniya şirkətlərinin 200-dən çox olduğunu xatırladan və bu səfərdən sonra onların sayının daha da artacağına əminliyini ifadə edən Ç.Qənizadə ölkəmizin təbii qazının bu ildən Almaniyaya ixracını yüksək qiymətləndirib. Qeyd edilib ki, ümumilikdə, Azərbaycan qazının hazırda Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılması enerji təhlükəsizliyi üçün çox böyük töhfədir.

Ç.Qənizadə dövlətimizin başçısının Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfələrdən də söhbət açdığını diqqətə çatdırıb. Qeyd edilib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bununla yanaşı, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlətimizin başçısı bu qurumla ölkəmiz arasındakı münasibətlərin daha da yaxşılaşacağına əminliyini ifadə edib. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də rəsmi Berlinin öz səylərini göstərəcəyi diqqətə çatdırılıb.

“Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalamaları, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması iki ölkə arasında əməkdaşlığın inkişafını yeni mərhələyə yüksəldəcək”,- deyə Ç. Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR