REAL TV-də yayımlanan "Media Masası" verilişi bu dəfə xüsusi buraxılışla tamaşaçıların qarşısına çıxacaq.
Musavat.com xəbər verir ki, iyulun 25-i saat 21:00-da efirə gedəcək xüsusi buraxılışda son illər cəmiyyətdə ciddi narahatlıq doğuran mövzulardan biri, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi, onlayn oyunlar, internet asılılığı və rəqəmsal mühitdə onları gözləyən təhlükələr geniş müzakirə olunacaq.
Verilişdə ilk dəfə olaraq Baş Prokurorluğun təqdim etdiyi eksklüziv statistik məlumatlar, indiyədək ictimaiyyətə açıqlanmayan rəqəmlər, real faktlar və ailələrin bəzən gec fərq etdiyi risklər tamaşaçılara təqdim ediləcək.
Bildirilir ki, müzakirələr təkcə uşaqların telefondan uzun müddət istifadə etməsi ilə məhdudlaşmayacaq. Verilişdə "Telefon uşağın əlində sadəcə oyuncaqdır, yoxsa görünməyən təhlükə?" sualı ətrafında mütəxəssislərin və qonaqların iştirakı ilə geniş fikir mübadiləsi aparılacaq.
Mövzunun həssaslığı və ictimai əhəmiyyəti nəzərə alınaraq hazırlanan xüsusi buraxılışda "Media Masası"nın ənənəvi formatı da qorunacaq. Efirdə faktlar təqdim ediləcək, fərqli mövqelər səsləndiriləcək və açıq müzakirələr aparılacaq.
Xüsusi buraxılış iyulun 25-də saat 21:00-da REAL TV-də yayımlanacaq.
Şahanə Rəhimli
Musavat.com






