İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi qeyd olundu-FOTOLAR

774 23.07.2026 14:52 Son xəbər A A

İyulun 23-də Azərbaycan Mətbuat Şurasında "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid ilk növbədə Prezident İlham Əliyevin Milli Mətbuat Günü ərəfəsində Rauf Arifoğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etməsini yüksək qiymətləndirib.

Rəşad Məcid bildirib ki, bu xəbər Milli Mətbuat Günü sevincini daha da artırıb:

"Bu xəbər Mətbuat Gününün sevincinə bir sevinc də qatdı. Buna görə də Mətbuat Şurası İdarə Heyəti adından cənab Prezidentə təşəkkürümüzü bildirdik. Hesab edirik ki, Rauf bəyin məhz Milli Mətbuat Günündə təltif olunması dövlət başçısının Azərbaycan mediasına verdiyi yüksək dəyərin göstəricisidir. Bu baxımdan Azərbaycan Prezidentinə bir daha minnətdarlığımızı ifadə edirik".

MŞ sədri vurğulayıb ki, Rauf Arifoğlunun həyat yolu Azərbaycanın müstəqillik dövrü mətbuatının salnaməsidir. O, yubilyarın ictimai-siyasi fəaliyyəti, milli azadlıq hərəkatındakı iştirakı, "Yeni Müsavat" qəzetinin yaranması, müstəqil medianın formalaşmasında oynadığı rol, media quruculuğu sahəsində gördüyü işlər, jurnalistikaya gətirdiyi yeniliklər və qazandığı uğurlar barədə geniş məlumat verib.

Qeyd olunub ki, Rauf Arifoğlu 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub, Meydan hərəkatının fəallarından biri olub. 1989-cu ildə "Yeni Müsavat" qəzetinin ilk nömrəsini nəşr etdirib, sonrakı illərdə Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. O, uzun illər həm siyasi, həm də media fəaliyyətini paralel davam etdirib.

Diqqətə çatdırılıb ki, 2009-cu ildən "Yeni Müsavat" tam müstəqil media qurumuna çevrilib, sonrakı illərdə Musavat.com, Minval.az, TV Musavat və digər media platformaları yaradılıb. Hazırda "Yeni Müsavat" Media Qrupu qəzet, internet portalları, televiziya layihələri və sosial media platformaları ilə ölkənin ən böyük media qurumlarından biridir.

Bildirilib ki, Rauf Arifoğlu 38 ildir ictimai-siyasi fəaliyyətdə, 37 ildir isə fasiləsiz media sektorundadır. Onun minlərlə məqaləsi və üç kitabı nəşr olunub. O, müxtəlif illərdə "İlin jurnalisti", "Əməkdar jurnalist", "Ali Media Mükafatı", "Mirzə Cəlil" mükafatı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı, "Heydər Əliyevin 100 illiyi" yubiley medalı, “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı və digər dövlət və ictimai mükafatlara layiq görülüb.

Tədbirdə "Yeni Müsavat" Media Qrupu adından Rauf Arifoğlu Fəxri diplomla təltif olunub.

Daha sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın təbrik məktubu təqdim edilib.

Məktubda qeyd olunub ki, Rauf Arifoğlu söz və mətbuat azadlığının inkişafına, ictimai-siyasi düşüncənin formalaşmasına və milli maraqların müdafiəsinə mühüm töhfələr verib. Bildirilib ki, onun rəhbərlik etdiyi "Yeni Müsavat" qəzeti və sonradan formalaşan "Yeni Müsavat" Media Qrupu Azərbaycan informasiya məkanının aparıcı media platformalarından biridir.

Millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında Rauf Arifoğlunun həm peşəkar jurnalist, həm də vəfalı dost olduğunu vurğulayıb. O, Türkiyədə "Ergenekon" hadisələri dövründə haqsız ittihamlarla üzləşdiyi vaxt Azərbaycanda ona açıq şəkildə dəstək verən yeganə media qurumunun "Yeni Müsavat" olduğunu bildirib.

Tənzilə Rüstəmxanlı  həmin dəstəyi heç vaxt unutmayacağını vurğulayaraq, Rauf Arifoğlunun Prezident tərəfindən ali dövlət təltifinə layiq görülməsini tam haqq edilmiş qərar kimi qiymətləndirib.

Mətbuat Şurasının keçmiş sədri Əflatun Amaşov isə Rauf Arifoğlunu Azərbaycan jurnalistikasının məktəblərindən biri adlandırıb. O bildirib ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində formalaşan güclü jurnalistlər nəslinin ən fəal nümayəndələrindən biri məhz Rauf Arifoğlu olub.

Əflatun Amaşov qeyd edib ki, Rauf Arifoğlunun sərt və prinsipial mövqeyinin arxasında həmişə Azərbaycana və dövlətçiliyə sevgi dayanıb. O, Prezident İlham Əliyevin bu təltifinin həmin xidmətlərə verilən yüksək qiymət olduğunu vurğulayıb.

Millət vəkili Arzu Nağıyev də çıxışında Rauf Arifoğlunu gənclik illərindən tanıdığını, ailələri arasında yaxın münasibətlərin olduğunu bildirib. O, Prezident tərəfindən belə yüksək ordenlə təltif olunmasının bütün Tovuz camaatı üçün qürur mənbəyi olduğunu deyərək yubilyarı təbrik edib.

Millət vəkili Elçin Mirzəbəyli isə Rauf Arifoğlunun Azərbaycanın müstəqil mediasının formalaşmasında müstəsna rol oynadığını bildirib. O, FETÖ hadisələri dövründə birlikdə apardıqları mübarizəni, Türkiyədə “Sultan Əhməd” məscidində Qarabağın azadlığı üçün etdikləri duaları xatırladaraq vurğulayıb ki, Rauf Arifoğlunun bütün fəaliyyəti milli maraqlara xidmət edib.

Millət vəkili Elman Nəsirov isə çıxışında bildirib ki, cəmiyyətdə tanınmasında və siyasi analitik kimi formalaşmasında "Yeni Müsavat" Media Qrupunun böyük rolu olub. Onun sözlərinə görə, gələcəkdə bu dövr araşdırılarkən Rauf Arifoğlunun və rəhbərlik etdiyi media qurumunun adı Azərbaycan mətbuat tarixində xüsusi yer tutacaq.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev də MEDİA Agentliyi adından Rauf Arifoğlunu yubileyi və dövlət təltifi münasibətilə təbrik edib.

Tədbirdə Azərbaycan Xalq Partiyasının qurucusu, sabiq Baş nazir Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umut Mirzəyev, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, "Cümhuriyət" qəzetinin baş redaktoru və "Cebhe.info" xəbər portalının direktoru Rəfael Becanov, Aygün Muradxanlı, Xalid Kazımlı və digər media rəhbərləri, jurnalistlər çıxış edərək Rauf Arifoğlu haqqında xoş sözlərini bölüşüb, ona yeni uğurlar arzulayıblar.

Sonda Mətbuat Şurası adından Rauf Arifoğlu Azərbaycan mətbuatının inkişafına, azad media ənənələrinin formalaşmasına göstərdiyi xidmətlərə görə və 60 illik yubileyi münasibətilə Fəxri diplomla təltif olunub.

Xatırladaq ki, iyulun 22-də Prezident İlham Əliyev Rauf Arifoğlunun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Rauf Arifoğlu media sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və Azərbaycan mətbuatının inkişafına verdiyi mühüm töhfələrə görə bu yüksək dövlət mükafatına layiq görülüb.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR