İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda iş saatları dəyişə bilər: Yeni qrafik necə olacaq?

615 23.07.2026 15:35 Ölkə A A

Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi gündəmdədir. Yeni model ənənəvi 09:00–18:00 iş qrafikindən fərqli olaraq işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşma əsasında iş vaxtının müəyyənləşdirilməsini nəzərdə tutur.

Bəs bu sistem necə işləyəcək, əməkhaqqının hesablanmasına təsir edəcəkmi və işçilərə hansı üstünlükləri qazandıracaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, çevik iş rejimi işçi ilə işəgötürən arasında əmək münasibətlərinin daha çevik şəkildə tənzimlənməsinə imkan verən modeldir.

Onun sözlərinə görə, bu sistemdə əvvəlki kimi hamı üçün məcburi 09:00-dan 18:00-dək iş qrafiki tətbiq edilmir:

“İş vaxtı işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir. Burada əsas məqsəd iş saatına deyil, görülən işin nəticəsinə və əmək məhsuldarlığına üstünlük verməkdir. İşlərin bir hissəsi məsafədən, bir hissəsi isə ofisdə icra oluna bilər.”

Ekspert vurğulayıb ki, beynəlxalq praktikada çevik məşğulluğun müxtəlif modelləri artıq uzun illərdir tətbiq edilir. Bunlara sürüşkən iş qrafiki, hibrid iş rejimi, tam məsafədən çalışma və natamam iş vaxtı (part-time) daxildir.

“Hibrid modeldə işçi həftənin müəyyən günləri ofisdə, digər günləri isə uzaqdan işləyir. Tam məsafədən iş modelində isə əməkdaş əsasən ofisə gəlmədən fəaliyyət göstərir. Part-time iş rejimində də əsas meyar işlənilən saatdan çox, işin keyfiyyətli şəkildə yerinə yetirilməsidir.”

İqtisadçı hesab edir ki, bu model Azərbaycanda da uğurla tətbiq oluna bilər. Lakin bunun üçün ilk növbədə qanunvericilik bazasının formalaşdırılması vacibdir.

“Əmək Məcəlləsində çevik iş rejimini tənzimləyən hüquqi baza yaradılmalıdır. Biznesin sərt qaydalarla çərçivəyə salınması sonradan problemlər yarada bilər. Ona görə də çevik məşğulluq formalarının hüquqi əsasları əvvəlcədən müəyyən edilməlidir.”

X.Kərimli bildirib ki, çevik iş rejiminin tətbiqi zamanı elektron nəzarət sistemlərinin qurulması da mühüm əhəmiyyət daşıyır.

“Məsafədən işləyən əməkdaşın fəaliyyəti elektron sistemlər vasitəsilə izlənilməlidir. Bu həm işəgötürən üçün nəzarət imkanlarını artırır, həm də iş prosesinin şəffaflığını təmin edir. Kameralar, elektron hesabat sistemləri və digər rəqəmsal alətlər bu prosesdə istifadə oluna bilər.”

Ekspert vurğulayıb ki, çevik iş rejiminin tətbiqi əməkhaqqının hesablanmasına birbaşa təsir göstərmir.

“Əsas məsələ işçinin əmək müqaviləsində nəzərdə tutulan şərtlərin qorunmasıdır. İş vaxtının təşkili dəyişsə də, əməkhaqqı, sosial sığorta ödənişləri və gələcək pensiya hüquqları tam şəkildə təmin edilməlidir. Çevik iş rejimi işçinin sosial təminatına mənfi təsir göstərməməlidir.”

Onun fikrincə, düzgün hüquqi tənzimləmə və rəqəmsal nəzarət mexanizmləri yaradılacağı təqdirdə çevik iş modeli həm işçilərin iş və şəxsi həyat balansını yaxşılaşdıra, həm də müəssisələrdə əmək məhsuldarlığının artmasına töhfə verə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR