Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını deputat Asim Mollazadə cavablandırıb. Mövzumuz Rusiya-Almaniya nümayəndələrinin Bakı məxfi görüşüdür.
Müsahibəni təqdim edirik:
- Asim müəllim, sizcə, bu gizli görüşün məqsədi nə olub?
- Bu görüşdə məqsəd Rusiya ilə əlaqələri bərpa etmək istəyidir. Söhbət keçmiş Almaniya hökumətinin üzvlərindən gedir. Onların Moskva ilə sıx əlaqələri olub, indi onu bərpa etmək istəyirlər. Ona görə Bakıda aparılan danışıqlarda Rusiyaya xidmət təklif ediblər. Bu müzakirələri Avropa İttifaqından və Almaniya hökumətindən gizlətmək üçün Bakıda bir araya gəliblər. Əgər Merkel hakimiyyətdə olsaydı, Almaniya Rusiya ilə əlaqələri bərpa edərdi. Mertzin hökuməti isə Moskva ilə münasibətləri düzəltmək istəmir. Ancaq bu görüş Rusiya-Almaniya münasibətlərini yaxşılaşdıra bilməz. Çünki görüşdə iştirak edənlərin Almaniya siyasətinə təsir imkanları sıfırdır. Axı onlar heç kimdirlər?! O baxımdan bu gizli danışıqlar yalnız həmin şəxslərin özlərinə lazımdır. Yəni keçmiş siyasətçilərdir, Almaniyada da nüfuzları qalmayıb və belə şəraitdə Rusiyaya xidmət təklif etmək üçün danışıqlar aparıblar.
- Yeri gəlmişkən, rusiyalı deputat Aleksandr Tolmaçev Azərbaycanı Almaniya və bütövlükdə Qərblə əlaqələrinə görə təhdid edib. Bizi Ukrayna və Ermənistana baxıb “dərs çıxarmağa” çağırıb. Rusiya bu ritorikasından niyə əl çəkmir?
- Dəfələrlə demişəm ki, onların Azərbaycana hürməyinin səbəbi qorxudur. Çox gözəl görürlər ki, dövlətləri dağılır. Rusiya siyasətçiləri ölkənin içinə baxmalı və nə vəziyyətə düşdüklərini görməlidir. Çünki Rusiyanı yavaş-yavaş çökdürürlər. Bundan sonra heç vaxt Ukraynanı məğlub edə bilməyəcəklər. Ukrayna xalqının iradəsi, qətiyyəti buna imkan vermədi, işğalla barışmadılar. Ona görə də qalib xalq kimi öz iradəsini ortaya qoyaraq hədəflərini reallaşdıracaqlar. Hazırda Ukrayna ordusu Rusiyanın içərisində böyük əməliyyatlar aparır. Bu da ölkənin neft sənayesini iflic vəziyyətə salır, yanacaq böhranı yaradır, Moskva, Sankt-Peterburq kimi mərkəzi şəhərlərə hücumlar həyata keçirilir. Duma üzvləri Azərbaycana qarşı danışmaqdansa, baş verən bu hadisələri izləsinlər. Fakt budur ki, Rusiya zəiflədilir.
- Azərbaycana təhdidi qeyd etdiniz, Bayramovla Lavrovun Moskvadakı görüşündən bir gün sonra Kiyevdəki səfirliyimizə yenə raket hücumu oldu. Bundan qabaq SOCAR-ın obyekti vurulmuşdu. Bizi niyə hədəf alıblar?
- Rusiyanın hərəkətləri imperiya zehniyyətindən irəli gəlir. Bu addımlar isə imperiya istəklərinə son qoya bilər. Onsuz da gedişat göstərir ki, Rusiya imperiyası çökdürüləcək. Sadəcə, təkcə Azərbaycana yox, bütün keçmiş sovet ölkələrinə qarşı iddia irəli sürürlər. Amma Rusiya məqsədlərinə çata bilməyəcək.
Emil Salamoğlu,
Musavat.com






