İnsanlara hürriyət, millətlərə istiqlal!

"Altı aylığımdan bu günə qədər hər şeyi yazacağam" – "Kişi sözü"nün Niyazı

1219 19.07.2026 13:31 Mədəniyyət A A

"Həyatımla bağlı xatirə kitabı yazıram. Uzun müddətdir ki, bu kitabın üzərində çalışıram. Altı aylığımdan bu günə qədər mənimlə bağlı nə varsa, hamısını bu kitabda yazacağam. Bəlkə gənclərə maraqlı olar, oxuyarlar. Bir tanışım məni bu kitabı yazmağa həvəsləndirdi. Kitabda gördüyüm işlərdən, kino fəaliyyətimdən və bu sahədə tanıdığım insanlardan bəhs edirəm".

Bunu Musavat.com-a açıqlamasında kinorejissor, aktyor və ssenarist Cahangir Mehdiyev deyib.

"Kişi sözü" filmində canlandırdığı "Niyaz" obrazı ilə yadda qalan sənətkar bildirib ki, kitabda ömrünün bütün mərhələlərinə yer verəcək:

"Mən bu kitabı bitirməyə tələsmirəm. Oturub yalnız kitab yazmıram. Əhval-ruhiyyəm yaxşı olanda yazıram. İstəyirəm ki, kitab xeyirə, mərhəmətə, yaxşılığa xidmət etsin. Çalışıram ki, bəzi məqamları incə yumorla təqdim edim. Elə yazmaq istəyirəm ki, həm savadlı, həm də sadə oxucu rahat başa düşə bilsin".

Aktyor yay planlarından da söz açıb. O bildirib ki, bu yayı ailəsi ilə birlikdə keçirəcək:

"Heç yerə getməyəcəyəm. Yayı ailəmlə, uşaqlarımla, nəvələrimlə birlikdə evdə keçirəcəyəm".

Sənətkar film çəkilişləri ilə bağlı yeni təklif almadığını da deyib:

"Maraqlı təklif yoxdur. Mən özüm də axtarışda deyiləm. Kimə lazımdırsa, qoy özü məni tapsın. Gəlsin, təklifini versin, baxaram. Amma bundan sonra çəkiləcəyim iş mütləq çox yaxşı olmalıdır. Bəzən zəif layihədə çəkilməkdənsə, ümumiyyətlə çəkilməmək daha yaxşıdır".

Cahangir Mehdiyev bildirib ki, kino sahəsinə gəlişi planlı olmayıb:

"Mən kinoya çəkilmək üçün yaşamamışam. Bu, təsadüfdən yaranan bir zərurət idi. Uşaqlıqdan belə təsadüfi təkliflər olub, maraq göstərmişəm, ilk addımlarımı atmışam. İndi isə yalnız həqiqətən güclü ssenari, yaradıcı təfəkkürə malik rejissor olsa, bəlkə razılıq verərəm. Məndə artıq sırf ekranda görünmək, yadda qalmaq istəyi yoxdur. Nə qədər lazım idi, çəkilmişəm. Mənə elə gəlir ki, bu, kifayətdir".

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR