ABŞ-ın aparıcı tədqiqat universitetlərindən biri olan Emory Universiteti İranın Ali Milli Təhlükəsizlik Şurasının sanksiyalara məruz qalmış katibi Əli Laricaninin qızı Fateme Ərdəşir-Laricanini işdən çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə universitet “Iran International” nəşrinə məlumat verib.
Laricaninin işlədiyi Emory Universitetinin Winship Xərçəng İnstitutu nəşrin sorğusuna cavab olaraq bildirib:
“Yüksək vəzifəli İran dövlət məmurunun qızı olan həkim artıq Emory Universitetində işləməyəcək”.
Universitet əlavə edib ki, “bu, kadr məsələsi olduğundan əlavə məlumat verilmir”.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi keçən həftə Əli Laricaniyə qarşı sanksiyalar tətbiq edib. ABŞ rəsmiləri Laricanini ölkədə baş verən etirazlara qarşı güc tətbiqini koordinasiya edən şəxslərdən biri hesab edir.
Emory Universiteti işdən çıxarmanın birbaşa ABŞ sanksiyaları ilə bağlı olub-olmadığını açıqlamayıb, lakin vurğulayıb ki, “universitet əməkdaşları işə götürülərkən həm federal, həm də ştat qanunlarına, eləcə də digər tətbiq olunan tələblərə tam əməl olunur”.
Məlumata görə, Fateme Ərdəşir-Laricani Emory Tibb Məktəbinin Hematologiya və Tibbi Onkologiya kafedrasında assistent-professor vəzifəsini icra edirdi. İşdən çıxarıldıqdan sonra universitetin saytında onun bioqrafiyası silinib.
Həftə ərzində ABŞ Konqresinin üzvü, Corciya ştatından Badi Karter Ərdəşir-Laricaninin Universitetindən çıxarılmasını və Corciya ştatında onun tibbi lisenziyasının ləğv edilməsini tələb edib. Məktubda Karter yazıb ki, Laricani “son zamanlarda ABŞ və müttəfiqlərinə qarşı zorakılığı açıq şəkildə dəstəkləyib” və qızının ABŞ-da xəstələrlə işləməsinə davam etməsi qəbuledilməzdir.
“Həkimlərə xəstələrə çıxış, şəxsi məlumatlara giriş və həyati əhəmiyyətli tibbi qərarlar vermək etibar olunur. Yüksək vəzifəli İran təhlükəsizlik məmurunun yaxın ailə üzvünün belə vəzifədə olması xəstələrin etibarına, institusional bütövlüyə və milli təhlükəsizliyə risk yaradır”, - deyə Karter əlavə edib.
Musavat.com






