“İyulun 5-də Ermənistana gedəcəyəm”.
Musavat.com-un məlumatına görə, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bunu öz “X” hesabında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumat paylaşaraq yazıb.
Kos qeyd edib ki, Rusiya Ermənistana təzyiqləri artırmağa davam edir, ölkəni son seçkilərdə erməni xalqının etdiyi demokratik seçimdən uzaqlaşdırmağa çalışır.
O, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini açıqlayıb. Marta Kosun sözlərinə görə, iyunun 15-də Aİ Xarici İşlər Nazirləri Şurasının iclası zamanı Aİ-yə üzv ölkələr Aİ-nin Ermənistana dəstəyini davam etdirə və həmrəyliyini necə nümayiş etdirə biləcəyini müzakirə edəcəklər.

“Biz Ermənistana maliyyə dəstəyi verəcək və qonşuları və Avropa ilə ticarəti asanlaşdıracağıq. İyulun 5-də konkret addımlar atmaq üçün İrəvana gedəcəyəm”, - Kos bildirib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Aİ Xarici İşlər Şurasının iclasında müzakirədə iştirak edir.
Əlavə edək ki, Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində Rusiya bir çox erməni mallarının idxalına qadağa qoyub və ya məhdudiyyətlər tətbiq edib. Bu qadağalar və məhdudiyyətlər hələ də aradan qaldırılmayıb.
Aİ-nin Ermənistandakı sammitindən sonra Rusiyanın İrəvana qarşı təzyiqləri artıb. Moskva davamlı şəkildə Ermənistan hakimiyyətindən ya Aİ-ni, ya da Aİİ-ni seçməyi təkidlə tələb edir. Bir müddət öncə isə Ermənistanın “iki stulda oturması”nın mümkün olmayacağı bildirilib və İrəvanın Aİİ-dən çıxarıla biləcəyi barədə xəbərdarlıq edilib.
Belə bir şəraitdə Mirzoyanın Avropa səfəri və Kosun İrəvana gələcəyi barədə açıqlaması diqqət çəkir. Belə görünür ki, Avropa İttifaqı Ermənistanı “cütbaşlı qartal”ın caynaqlarından qoparmaq üçün hərəkətə keçib. Əks təqdirdə, Avropa İttifaqının seçkiöncəsi Rusiyanın hibrid müharibələrindən qorunması üçün Ermənistana ikinci missiya göndərməsi, İrəvanda sammit keçirilməsi, Mirzoyanın Avropaya dəvət olunması, həmçinin Aİ rəsmisinin İrəvana səfər etməsi kimi intensiv prosesi müşahidə etməzdik.
Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkilərindən sonra Rusiyanın iki yolu var idi:
“Ya 5 il hakimiyyətdə olacaq Paşinyanla yola davam edir, ya da yenidən təzyiqi davam etdirir. Lakin hələlik Rusiya ikinci yolu seçib, Paşinyana təzyiqlər davam edir. Nikol Paşinyana qələbə münasibətilə təbrik göndərilməyib. Kənd təsərrüfatı məhsullarına qoyulan qadağa da davam edib. Buna görə də Ermənistan hökuməti Rusiya təzyiqlərindən qurtulmaq üçün alternativ yollar axtarır”.

E. Şahinoğlunun sözlərinə görə, bu yollardan biri də Avropa İttifaqı ilə əlaqələri genişləndirməkdir:
“Avropa İttifaqı da anlayır ki, Rusiyanın təzyiqləri davam etdikcə, bu, Ermənistan hökumətinin mövqelərini cəmiyyətdə zəiflədə bilər. Ona görə Ermənistan hökumətini, Ermənistanı ayaqda tutmaq üçün Avropa İttifaqının Ermənistana maliyyə dəstəyini artırmaq barədə yəqin planları var. Kənd təsərrüfatı məhsullarının itkilərinə görə Ermənistana 50 milyon avro verilməli idi. Amma bu, Ermənistan üçün azdır. Ermənistanın Avropa İttifaqının həm siyasi, həm də iqtisadi dəstəyinə, maliyyə yardımlarına ehtiyacı var ki, Rusiyanın təzyiqlərindən qurtulsun. Yəqin Ermənistanın baş naziri Nikol Paşinyan da anlayır ki, Kreml öz siyasətini korrektə etmədikcə, Rusiyanın Ermənistana təzyiqləri artacaq. Amma Rusiyanın resursları çatarmı, Ukraynada müharibə apara-apara Ermənistan istiqamətində fəal olsun? Ona görə də bu mənada Paşinyan Vaşinqton və Brüssellə dialoqu genişləndirəcək, öz emissarlarını tez-tez bu paytaxtlara göndərəcək”.
E.Paşasoy,
Musavat.com






