İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentində korrupsiya araşdırmaları - ŞOK FAKTLAR

544 19.12.2025 15:07 Gündəm A A

Uzun illərdir Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti tənqid etmək hüququnu itirib. Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edən Avropa Parlamenti ilə bağlı son 5 ildə baş verən korrupsiya skandallarını araşdırdıqda bu qurumun rəhbərliyinə daxil olan şəxslərin və deputatların korrupsiya cinayətinə bulaşdıqları və digər cinayət əməllərində suçlandıqlarını təsdiqləyən çoxsaylı faktlar ortaya çıxır.

Musavat.com xəbər verir ki, kiçik bir araşdırma Avropa Parlamentinin rəhbərliyinə daxil olan şəxslər və deputatların ifşası üçün yetərlidir.

Son zamanlarda məlum olmuş korrupsiya faktları, faktlara əsaslanan hüquqi proseslərin bəzilərini təqdim edirik.

“Qatargate” və əlaqəli korrupsiya skandalı 2022–2025-ci illər boyunca Avropa Parlamentini sarsıdan ən böyük korrupsiya qalmaqallarından biridir.

Avropa Parlamentinin keçmiş vitse-prezidenti və üzvü Eva Kaili 2022-ci ildə korrupsiya və rüşvət ittihamı ilə həbs edilərək vəzifələrindən azad edilib. AP üzvləri Pier Antonio Panzeri, Francesco Giorgi, Mark Tarabella, Andrea Cozzolino kimi şəxslər Kailinin qurduğu şəbəkədə əsas rollardan biri olmaqda və rüşvət almaqda ittiham edilmişdilər. Bu skandal üzərindəki cinayət araşdırmaları hələ də davam edir və müxtəlif şəxslər üçün ittihamlar irəli sürülüb. Hətta bəzi hallarda ittihamlar “cinayət təşkilatında iştirak” səviyyəsinə çatdırılıb. Bu skandal həm də Avropa Parlamentində təhlükəsizlik, etik davranış və xarici təsir məsələlərinin yenidən gündəmə gətirilməsinə səbəb olub.

2025-ci ilin martında Paris Cinayət Məhkəməsi OLAF (Avropa Anti-Fırıldaq ofisi) araşdırmaları nəticəsində bir sıra keçmiş və hazırkı AP üzvlərini assistenti üçün ayrılan büdcə vəsaitlərini sui-istifadə etdiyinə görə mühakimə edib. Bu qərar çərçivəsində Marin Le Pen və digər 8 şəxs az miqdarda olmasa da, öz vəzifələrini sui-istifadə etdikləri üçün məhkum olunub.

Belçika prokurorluğu və federal polisinin AP-nə qarşı apardığı araşdırma nəticəsində Parlamentdə korrupsiya və təsir pərdəsi ilə bağlı geniş axtarışlar keçirilib və bir neçə nəfər saxlanılıb. Bu araşdırmalar 2021-ci ildən bəri davam edən lobbizm halları üzərində qurulub. Belçika məhkəmələri bu işdə hələ də yekun qərar çıxarmayıb, proses davam edir.

2025-ci ilin əvvəlində Avropa Publik Prokurorluğu (EPPO) Avropa Parlamentinin bir neçə üzvünü korrupsiya və assistentlərin maaş və səlahiyyətlərində sui-istifadə ittihamı ilə araşdırıb. Bu araşdırma da bir neçə AP üzvünün öz assistentlərinə ayrılmış vəsaitləri düzgün istifadə etməməsi ilə bağlıdır. Bu araşdırma əvvəlki “Qatargate” skandalının davamı olaraq görülür və bu sahədə daha çox araşdırma gözlənilir.

Avropa Parlamentində təxminən 704 deputatdan 163-ü müxtəlif növ korrupsiya, nepotizm, rüşvət və başqa pozuntularla bağlı hallara qarışıb. Onların barəsində qərar qəbul edilib və ya ittiham elan olunub. Təkcə bu fakt Avropa Parlamentinin korrupsiyaya bulaşdığına əmin olmaq üçün kifayətdir. Buna görə də Avropa Parlamentində korrupsiya məsələləri, dünyada rezonans doğuran skandallar, məhkəmə işləri və davam edən araşdırmalar parlamentin strukturunda maliyyə və etik şəffaflığı gücləndirmək tələbini yenidən gündəmə gətirib.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR