Avropada artıq unudulmuş hesab edilən cüzam xəstəliyi Rumıniya və Xorvatiyada yenidən aşkarlanıb.
Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Şərqi Avropada bu xəstəlik 1991-ci ildən bəri qeydə alınmırdı.
Mövcud məlumata əsasən, hazırda üç yoluxma faktı təsdiqlənib:
Xorvatiyada – son iki ildə ölkədə yaşayan Nepal vətəndaşı olan fəhlə,
Rumıniyada – Kluj-Napoka şəhərində masaj salonunda çalışan İndoneziya vətəndaşı olan iki qadın.
Hadisədən sonra sözügedən masaj salonu təcili şəkildə bağlanıb, yoluxan şəxslər və onların ailə üzvləri karantinə alınıb.
Tarixi mənbələrə görə, cüzam Orta əsrlərdə Avropada kütləvi ölümlərə səbəb olan xəstəliklərdən biri olub. Daha sonralar isə onun antibiotiklərlə effektiv müalicəsi mümkün olub. Hazırda cüzam əsasən Hindistan, Braziliya, Myanma, Nepal və Afrika ölkələrində yayılıb və vaxtında müalicə olunduqda nəzarət altına alınır.
Qeyd olunur ki, Rusiyada son cüzam hadisəsi 2019-cu ildə qeydə alınıb. Rumıniyada isə Avropada fəaliyyətini davam etdirən sonuncu leprozoriya – Tikileştə yerləşir. Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu və epidemiya təhlükəsinin olmadığını bildirirlər.
Məlumat üçün:
Cüzam (lepra) hava-damcı yolu ilə ötürülür, əsasən dəri və sinir sistemini zədələyir. Müalicə olunmadıqda hissiyatın itməsi və ağır əlilliyə səbəb ola bilər. Lakin xəstəlik erkən mərhələdə aşkarlandıqda tam müalicə olunur.
Musavat.com






