İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyada terror aktı: Əhməd əl-Əhməd onlarla insanı BELƏ xilas etdi

1188 15.12.2025 16:15 Ölkə A A

Dekabrın 14-də Avstraliyada yəhudi icmasının bayram keçirdiyi çimərlikdə dəhşətli terror hadisəsi baş verib. İlkin məlumatlara görə, hücumu Pakistan vətəndaşı olan 50 yaşlı ata və onun 24 yaşlı oğlu planlaşdırıb. Terror planına əsasən, oğul bir istiqamətdən atəş açaraq çimərlikdə panika yaratmalı, qaçan insanların qarşısını isə ata kəsməli idi.

Musavat.com xəbər verir ki, hücum nəticəsində aralarında uşaqların və yəhudi olmayan şəxslərin də olduğu 16 nəfər həyatını itirib, 60 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə anına dair yayılan videolar ictimaiyyətdə böyük sarsıntı yaradıb.

Məhz həmin görüntülərdə faciənin miqyasını azaldan qəhrəmanlıq anı da yer alıb. Belə ki, ata-terrorçu qaçan insanlara atəş açdığı anda, ərazidə olan bir şəxs avtomobillərin arasından gizlicə ona yaxınlaşıb, əlindəki tüfəngi alaraq onu yerə yıxıb və zərərsizləşdirib. Mütəxəssislərin fikrincə, bu müdaxilə olmasaydı, qurbanların sayı ən azı 3–4 dəfə daha çox ola bilərdi.

Qatilin qarşısını alan şəxs fotolarda da yayılan 43 yaşlı Əhməd Fateh əl-Əhməddir. O, Avstraliyada yaşayan, yerli meyvə satıcısı kimi çalışan, 5 və 6 yaşlı iki qız övladı olan və Suriyanın İdlib şəhərindən qaçqın düşmüş bir şəxsdir. Əhməd əl-Əhməd terrorçunu zərərsizləşdirərkən iki güllə yarası alıb və hazırda xəstəxanada müalicə olunur.

Hadisə yalnız insan həyatlarının xilas edilməsi ilə məhdudlaşmayıb. Analitiklər bildirirlər ki, bu terror aktından sonra ölkə üzrə müsəlmanlara qarşı nifrət zəminində hücumların baş verməsi real təhlükə idi. Əhməd əl-Əhmədin bu addımı təkcə fiziki qırğının qarşısını almadı, eyni zamanda mümkün nifrət dalğasını da əngəllədi və bir daha sübut etdi ki, terrorun dini, milləti və irqi yoxdur.

Avstraliya cəmiyyətinin reaksiyası isə diqqətçəkən olub. Minnətdarlıq əlaməti olaraq, ölkə üzrə bir gün ərzində onun üçün 1 milyon 44 min 897 dollar ianə toplanıb. Bu vəsaitin 130 min dolları hadisədən cəmi ilk bir saat ərzində yığılıb. Toplanan ianələrin Əhməd əl-Əhmədin müalicəsinə, həmçinin xəstəxanadan çıxdıqdan sonra onun övladları üçün daha təhlükəsiz və stabil həyat qurmasına yönəldiləcəyi bildirilib.

(Müəllif: Orxan Atabəy)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR