İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın qəzaya uğrayan təyyarəsinin araşdırması ilə bağlı DEATALLAR – ABŞ-dən gələcək vacib CAVAB

1014 25.12.2025 19:03 Ölkə A A

Qazaxıstan Nəqliyyat Nazirliyi ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmasını yeniləyib.

Musavat.com xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyin məlumatına görə, baş vermiş aviasiya hadisəsinin səbəblərinin və təsir göstərmiş amillərin müəyyənləşdirilməsi məqsədilə yaradılmış İstintaq Komissiyası işini davam etdirir.

Araşdırmada Azərbaycan, Rusiya və Braziliyadan olan səlahiyyətli nümayəndələr, eləcə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müşahidəçisi iştirak edir.

Tədqiqatlar zamanı aşkarlanmış kənar metal obyektlər üzrə kompleks (trasoloji, ballistik, partlayış və yanğın texniki) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Təqdim olunmuş üç oksigen balonunda partlayış əlamətləri aşkar edilməyib. Hava gəmisində yaranmış zədələnmələr güman ki, döyüş başlığının təsir elementləri nəticəsində baş verib, lakin onların mənsubiyyəti müəyyən edilə bilməyib.

2 nömrəli hidravlik sistemin boru hissəsi üzrə trasoloji ekspertiza da aprılıb. Təhlil nəticəsində boruda zədələnmələr aşkar edilib. Zədələnmənin yaranmasına səbəb sərt əşyalarla təmas nəticəsində metalın qopmasıdır. Tam zədələnmələr, ehtimal ki, metal ərintisindən hazırlanmış (polad əsasında) xarici metal fraqmentlər tərəfindən yaranıb.

Honeywell Beynəlxalq Müəssisəsi tərəfindən istehsal olunmuş modul avionika blokundan çıxarılmış Mərkəzi Texniki Xidmət Kompüterinin kasseti üzrə tədqiqat aparılıb. Termal təsirə görə qeyd olunan kassetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatları çıxarmaq üçün Honeywell beynəlxalq Müəssisəsi yaddaş kartı istehsalçısı Delkin Devices Müəssisəsi ilə əlaqə saxlamağı tövsiyə edib. Hazırda komissiya ABŞ nümayəndəsi ilə Delkin Devices Müəssisəsinin zavod bazasında tədqiqatın aparılması barədə danışıqlar aparır.

CMC Electronics zavod bazasında hazırlanmış 1 və 3 nömrəli modul avionika bloklarından çıxarılmış Qlobal Mövqe Təyin Etmə Sistemi (GPS1 və GPS2) kassetləri üzrə tədqiqat aparılıb, iş tamamlanıb və hazırda analiz aparılır.

Əlavə hissədə qeyd olunur ki, komissiya Rusiyanın və Azərbaycanın aviasiya orqanları, eləcə də Azərbaycan Hava Yolları tərəfindən təqdim edilmiş sənədlərin təhlilini aparır. Bu sənədlər risk qiymətləndirmə prosedurlarının təşkili və icrasına aiddir. Həmçinin bu iş çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsində mülki və hərbi sektorlar arasındakı qarşılıqlı əlaqələr məsələləri də nəzərdən keçirilir.

Bildirilir ki, müvafiq məsələnin öyrənilməsi istintaqın vacib elementlərindən biridir və məqsəd qəbul edilmiş tədbirlərin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək, həmçinin aviasiya hadisəsinin gedişatına təsir edə biləcək mümkün uyğunsuzluqları aşkar etməkdir.

“Beləliklə, hazırda İstintaq Komissiyası Mərkəzi Texniki Xidmət Kompüterinin kasseti üzrə tədqiqatın tamamlanmasını və Uçuşların Münaqişə zonaları üzərində və ya yaxınlığında icrası zamanı risklərin qiymətləndirilməsi üzrə İşçi Qrupun hesabatının hazırlanmasını gözləyir. İstintaq Komissiyası balanslaşdırılmış mövqedədir və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv şəkildə təqdim olunacaq”, -deyə nazirliyin məlumatında qeyd olunur.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR