Dekabrın 3-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarə qəzasının araşdırması ilə bağlı jurnalistlərə açıqlama verib.
Musavat.com xəbər verir ki, bu barədə “Zakon.kz” məlumat yayıb.
Onun sözlərinə görə, istintaq iki hissəyə bölünüb.
“Birincisi, Baş Prokurorluğun məşğul olduğu cinayət hissəsidir. Onlar rusiyalı həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyi tərəfindən aparılan araşdırmadır və yekun mərhələyə çatıb. Hazırda biz texnologiya sahiblərindən və lisenziya verən qurumlardan son rəyin gəlməsini gözləyirik. Prinsipcə, Nəqliyyat Nazirliyi tərəfi hazırdır və iş yekunlaşdırılacaq”, – deyə Bozumbaev bildirib.
O əlavə edib ki, araşdırma bu il və ya gələn ilin əvvəlində tamamlana bilər.
“Baş Prokurorluğa gəlincə, onlar sıx təmasdadırlar. Burada da irəliləyiş var, siz qonşu dövlətlərin liderlərinin açıqlamalarını görmüsünüz. Ümid edirik ki, gələn il bu hissə də yekunlaşacaq”, – deyə baş nazirinin müavini qeyd edib.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Hadisədən 29 nəfər sağ çıxıb.
Musavat.com






