Aktyor-ssenarist Azər Aydəmir “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalı üçün ona 657 min manat ödənilməsindən danışıb.
Musavat.com-a açıqlama verən aktyor bildirib ki, layihə üçün kastinqlər başlayıb:
“Bir il yarımdır ki, bu layihə üzərində çalışırıq. Ölkənin bütün tarixçiləri, xüsusilə də başda Zaur Həsənov olmaqla, bu layihəyə cəlb olunublar. Əcdadlarımızın qədim tarixinə baş vururuq və bu layihədə əsas məqsədimiz məhz budur.
Aşquz dövləti və ümumilikdə dövlətin siyasətinə uyğun olaraq, artıq tarixi mövzuda filmlərin, serialların və sənədli layihələrin çəkilməsi prioritet təşkil edir.
Bunlardan biri də mənim şirkətimə, yanaşmama və baxış bucağıma həvalə olunub. Bu, çox qürurverici və fərəhləndirici bir haldır.
Kinopark layihəsi çərçivəsində, kinostudiyada, “Azərbaycanfilm”də yerləşən ilk rezidentlərdən biri olduğum üçün bu cür məsuliyyətli layihələrin həyata keçirilməsində rezidentlərə daha çox diqqət ayrılır. Mənim Azərbaycanfilm ilə birbaşa bağlılığım da bu etimadı daha da gücləndirir.
Biz də həmin rezidentlərdənik. Artıq ofisimiz orada yerləşir. Bu, həm təcrübə, həm də imkan baxımından çox önəmlidir.
Bu il kastinqə (seçimlərə) başlamağı planlaşdırırıq. Qeyd etdiyim kimi, bu sahənin ən güclü tarixçiləri bizim məsləhətçilərimiz və instruktorlarımızdır.
Filmin baş prodüseri mənəm, prodüseri Ülviyyə Könüldür. Quruluşçu rejissor Elvin Əhmədoğludur, quruluşçu operator isə Vasif Vəlizadədir.
Janr tarixi sənədli-bədii filmdir. Ssenari ilə bağlı hələlik ətraflı danışa bilmərəm, lakin gələcəkdə açıqlamalar olacaq”.
Qeyd edək ki, İqtisadiyyat.az Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib.
Məlumata görə, ARKA bununla bağlı “Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Müqavilədə “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.
Audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.
Könül
Musavat.com






