İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “3+3” görüşünə ev sahibliyi etməyə hazırdır FOTO

646 08.12.2025 14:04 Siyasət A A

““3+3” formatı Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. Bu formatda 3 görüş keçirilib: birinci görüş Rusiyada, ikinci görüş İranda, sonuncu görüş isə 2024-cü ildə Türkiyədə baş tutub”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında Musavat.com-un əməkdaşının sualını cavablandırarkən bildirib.

C.Bayramov vurğulayıb ki, 2024-cü ildə İstanbulda keçirilən görüş zamanı Azərbaycan tərəfi növbəti görüşün ölkəmizdə keçirilməsini təklif edib, daha sonra görüşün Ermənistanda keçirilməsinə razılıq verib:

“Hətta görüşün keçirilməsi yerinin protokola salınmasını təklif etdik. Əfsuslar olsun ki, Ermənistan bu ardıcıllığa razılıq vermədi. Hesab edirik ki, bu gün fərqli mühit mövcuddur. Artıq Ermənistan və Azərbaycan nümayəndə heyətləri bir-birinin ərazisində görüşlərdə iştirak edirlər. Bu yaxınlarda Ermənistan baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Qəbələyə gəldi. İki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə delimitasiya üzrə hökumətlərərarası komissiyanın iclası keçirildi. Bütün faktorları nəzərə alaraq biz hesab edirik ki, hazırkı məqamda Ermənistanın Azərbaycanın 2024-cü ildə etdiyi təklifdən imtina etməyə əsası yoxdur. Bizim təklifimiz qüvvədədir”.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, formatın mövcudluğu, görüşlərin keçirilməsi önəmlidir, lakin hər bir görüş regionun bütün ölkələrinin gözləntilərini doğrultmaq üçün öncədən yaxşı hazırlanmalıdır:

“Nəzərə alsaq ki, “3+3” formatının yaradılmasının irəli sürülməsi Ermənistan-Azərbaycan II Qarabağ müharibəsindən sonrakı dövrə təsadüf etmişdi, belə fikirlər formalaşıb ki, görüşün əsas məqsədi Ermənistan-Azərbaycan mövzusu ilə bağlıdır. Bu, belə deyil. “3+3” regional formatdır, bütün dövlətlərə aid olan müxtəlif mövzular, narahat edən məqamlar varsa, səsləndirilməlidir və hərtərəfli müzakirədən keçirilməlidir. Məhz bu gündəliyə uyğun olaraq, 2024-cü il təklifimizə əsasən, Azərbaycan görüşə ev sahibliyi etməyə hazırdır”.

WhatsApp Image 2025-12-08 at 16.25.25 (1).jpeg (45 KB)

İran XİN başçısı Abbas Əraqçi isə qeyd edib ki, İran “3+3” formatına əhəmiyyət verir:

“Bu, təkcə, Azərbaycanı və Ermənistanı düşündürən məsələ deyil. Bu format bütün regiona sülh, əmin-amanlıq gətirəcək. Məqsəd bölgə ölkələri arasında siyasi danışıqların aparılmasıdır. Biz bu formatı dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Hazırda Azərbaycanla Ermənistan arasında əlaqələr yaxşı vəziyyətdədir. Biz buna çox sevinirik. İnanırıq ki, iki ölkə arasında sülh baş tutacaq. “3+3” formatının bu məsələyə öz töhfəsini verəcəyinə inanırıq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR