İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Amerika raketləri ala bilər – Bədnam akt tarixin zibilliyinə göndərilir

1259 11.12.2025 14:31 Siyasət A A

ABŞ Konqresində “907-ci düzəliş”in ləğvi ilə bağlı prosesin aktivləşməsi Bakı-Vaşinqton münasibətlərində yeni siyasi mərhələyə keçidlə nəticələnə bilər.
Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna tərəfindən bu aktın tam ləğvini nəzərdə tutan qanun layihəsinin təqdim olunması təkcə hüquqi dəyişiklik deyil, ABŞ-nin Cənubi Qafqaz siyasətində mümkün dönüşün anonsu kimi qiymətləndirilir.

1992-ci ildə qəbul edilən “907-ci düzəliş” uzun illər ərzində ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımını məhdudlaşdırmaq üçün vasitə kimi istifadə olunub. Bu məhdudiyyət praktik olaraq təkcə ikitərəfli münasibətləri deyil, Azərbaycanın müdafiə sənayesi ilə bağlı potensial əməkdaşlıq imkanlarını da bloklayıb. Bu ilin avqustunda ABŞ Prezidentinin düzəlişin tətbiqini müvəqqəti dayandırması isə siyasi fonun dəyişdiyini və Vaşinqtonun yeni reallıqla hesablaşdığını göstərir. Rəsmi Bakı da bu addımı müsbət qiymətləndirərək, ABŞ-nin düzəlişin tam ləğvi istiqamətində qərarlı iradə ortaya qoyacağına ümid etdiyini bəyan edib.



Musavat.com-a danışan hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu aktın ləğvi iki ölkə arasında təkcə siyasi deyil, həm də hərbi-texnoloji əməkdaşlıq üçün geniş imkanlar aça bilər. Ekspert hesab edir ki, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı digər sahələrdə də özünü göstərməlidir:

“Əgər siyasi münasibətlərdə yaxınlaşma varsa, bu, biznes, ticarət və sənaye sahəsində də müşahidə olunmalıdır. Xüsusilə müdafiə sənayesi və qarşılıqlı hərbi təyinatlı məhsulların satın alınması prosesində. Söhbət təkcə ABŞ-dən Azərbaycana silah satışından getmir. Azərbaycanda da elə məhsullar istehsal olunur ki, Amerika onlara maraq göstərə bilər”, – deyə Ramil Məmmədli bildirib.

Ekspertin sözlərinə görə, ABŞ-nin hərbi sənaye sektoru tam şəkildə “özünütəmin edən sistem” deyil və bir sıra komponentlər xarici ölkələrdə istehsal olunur. Bu baxımdan, Azərbaycanın müdafiə sənayesi məhsulları da potensial əməkdaşlıq predmeti ola bilər. Digər tərəfdən, ABŞ-nin qabaqcıl hərbi texnologiyaları Azərbaycanın müdafiə arsenalını keyfiyyətcə yeni mərhələyə çıxara bilər”.


Ramil Məmmədli qeyd edib ki, ABŞ ilə əməkdaşlıq Azərbaycanın raket sistemləri, aviasiya vasitələri, yüksək dəqiqlikli dronlar və digər strateji təyinatlı silahların alınması üçün böyük imkanlar yaradır. Onun fikrincə, ABŞ həm də xammal və baza texnologiyaları istehsalçısıdır və bu sahədə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün güclü stimul ola bilər:
“ABŞ illərdir müxtəlif ölkələrin müdafiə sənayesi komplekslərinə texnologiya transferi edərək onları inkişaf etdirib. Azərbaycan da bu təcrübədən yararlana, həm texnologiya, həm də elmi-nəzəri biliklər baxımından böyük üstünlüklər əldə edə bilər. Bu əməkdaşlıq Azərbaycana gələcəkdə yüksək texnologiyalı hərbi məhsulların ixracı üçün də əlavə imkanlar yaradacaq”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR