Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Musavat.com-un suallarını cavablandırıb. Deputat Ermənistandakı seçkisonrakı vəziyyət, Ermənistan konstitusiyasının dəyişdirilməsi və sülhün imzalanmasına müqavimət göstərməyə çalışan qüvvələrin cəzalandırılmasının hansı perspektivlər vəd etməsi və digər mövzularla bağlı maraqlı açıqlamalar verib:
- Rizvan bəy, Ermənistanda parlament seçkiləri başa çatandan sonra revanşistlərin nəticələrin ləğvi ilə bağlı mübarizəni davam etdirəcəkləri barədə açıqlamalarına Nikol Paşinyan hakimiyyətinin sərt cəzalandırma tədbirləri ilə cavab verməsi gərginliyin qarşıdakı aylarda da davam etdiriləcəyi qənaətini yaradır. Bu situasiyanı necə şərh etmək olar?

- Ermənistanda son günlər müşahidə olunan həbslər, istintaq tədbirləri və müxalifət nümayəndələrinə qarşı irəli sürülən ittihamlar ölkədə seçkiqabağı siyasi mübarizənin seçkisonrası daha sərt mərhələyə keçdiyini göstərir. “Güclü Ermənistan” blokunun deputatlığa namizədi David Qazinyanın həbs olunması, eyni zamanda revanşist eks-prezident Robert Köçəryanla əlaqəli şəxslər barəsində aparılan araşdırmalar yalnız hüquqi müstəvidə deyil, həm də siyasi kontekstdə qiymətləndirilir.
- Sizcə proseslərin davamı necə ola bilər?
- Birinci ehtimal ondan ibarətdir ki, Ermənistan hakimiyyəti seçki prosesinin legitimliyini təmin etmək və “seçki rüşvəti”, qanunsuz maliyyələşdirmə kimi hallara qarşı mübarizə apardığını nümayiş etdirmək məqsədilə hüquq-mühafizə tədbirlərini davam etdirəcək. Bu halda istintaqın əhatə dairəsinin genişlənməsi, yeni saxlanılmaların və ittihamların irəli sürülməsi mümkündür. İkinci ehtimal isə müxalifətin öz baxış-bucağından bu prosesləri “siyasi təqib” kimi təqdim etməsi və hakimiyyətlə qarşıdurmanın bir qədər də dərinləşməsidir. Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin əleyhdarları bu addımları seçki öncəsi rəqiblərin zəiflədilməsi kimi qiymətləndirirdilər. Baş verənlər daxili siyasi gərginliyi artırmaq potensialına malikdir.
- Necə bilirsiniz, Paşinyanın əsas hədəfi nədir?
- Nikol Paşinyan üçün əsas siyasi problem yalnız hakimiyyəti qorumaq deyil. O, eyni zamanda Ermənistanın regional siyasətdə yeni reallıqlara uyğunlaşmasını təmin etməyə çalışır. 2020-ci ildən sonra yaranmış geosiyasi vəziyyət göstərdi ki, revanşist yanaşmalar və keçmiş status-kvoya qayıdış cəhdləri Ermənistanın inkişaf perspektivlərini ciddi məhdudlaşdırır. Bu baxımdan Köçəryan komandasının və digər radikal müxalif qüvvələrin zəiflədilməsi Paşinyanın siyasi manevr imkanlarını genişləndirə bilər. Çünki məhz həmin qüvvələr Azərbaycanla sülh müqaviləsinə, sərhədlərin delimitasiyasına, kommunikasiyaların açılmasına və konstitusiya dəyişikliklərinə sərt şəkildə müqavimət göstərirlər. Başqa sözlə, müharibə ritorikası ilə, sülh və normallaşma prosesini əngəlləməklə siyasi gündəmdə mövqe qazanmağa çalışırlar. Bu isə Ermənistanın dövlətçiliyi, gələcəyi və Azərbaycanla münasibətlər üçün yaxşı nəsə vəd etmir.
- Revanşistlərin cəzalandırılmasının gedişində Azərbaycanın irəli sürdüyü “ev tapşırığı”nın icrası, konstitusiya dəyişikliyi üçün imkanlar arta bilərmi?
- Qarşıdakı dönəmdə formalşdırılacaq yeni Paşinyan hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müvafiq dəyişikliyin edilməsidir. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, sülh müqaviləsinin imzalanması, ratifikasiyası və implementasiyası, ümumilikdə davamlı sülh üçün Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında mövcud olan ərazi iddiaları aradan qaldırılmalıdır.
Əgər Paşinyan seçkilərdən sonra siyasi mövqelərini gücləndirə və revanşist qüvvələrin təsirini azalda bilsə, konstitusiya islahatları istiqamətində addım atmaq imkanları müəyyən qədər genişlənə bilər. Lakin bu prosesə mane olmaq istəyənlər də var.
- Belə bir vəziyyətin sülh prosesinə təsirini necə proqnozlaşdırırsınız?
- Revanşist qüvvələrin neytrallaşdırılması qısamüddətli dövrdə Ermənistan daxilində siyasi gərginliyi artırsa da, uzunmüddətli perspektivdə sülh gündəliyinin irəliləməsinə müəyyən şərait yarada bilər. Əgər hakimiyyət revanşist qüvvələrin təsir imkanlarını məhdudlaşdıra bilsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində qərarların qəbul edilməsi sürətlənə bilər. Sülhə zəmanət müxalifətin zəif və ya güc olması ilə ölçülməməlidir.
Burada da əsas məsələ Paşinyanın və onun hökumətinin göstərcəyi siyasi iradə məsələsidir. Daha detallı desək, Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanması, konstitusiya dəyişiklikləri, sərhədlərin delimitasiyası və regionda kommunikasiyaların açılması ilə bağlı siyasi iradə nümayiş etdirməlidir. Əks halda daxili siyasi mübarizədə əldə olunan üstünlük regional sülhə çevrilməyə bilər.
- Demokratik sistemin çatışmazlığından qaynaqlanan problemlər nələr vəd edir?
- Ermənistanda demokratik institutların dayanıqlılığı ilə bağlı ciddi suallar qalmaqdadır və həbslər də bunu təsdiqləyir. Əvvəla, hüquq-mühafizə və məhkəmə orqanlarının siyasi təsirlərdən müstəqil olmaması məsələsi mütəmadi müzakirə olunur.Müxalifət nümayəndələrinə qarşı aparılan istintaq tədbirləri seçki dövrünə təsadüf etdikdə, bu proseslərin siyasi motivli olub-olmaması fikirlər geniş tirajlanırdı.
İkincisi, Ermənistan siyasi sistemində revanşist qüvvələrlə hakimiyyət arasında sərt qarşıdurma konstruktiv siyasi dialoqun olmadığını göstərir. Demokratik sistemlərdə siyasi rəqabət institutlar vasitəsilə tənzimlənməli olduğu halda, Ermənistanda qarşılıqlı təhqirlər və hüquqi müstəvidə dartışma tez-tez siyasi proseslərin əsas alətinə çevrilir.
Üçüncüsü, seçki prosesləri ilə bağlı rüşvət, inzibati resurslardan istifadə və siyasi təsir imkanları barədə iddiaların davam etməsi göstərir ki, ölkədə azad seçkinin institusionallaşması yoxdur.

- Azərbaycanla paraflanmış sülh sənədinin imzalanmasına və ratifikasiyasına əngəl olacaq hansısa amil varmı?
- David Qazinyanın həbsi və revanşist Köçəryan düşərgəsinə yaxın qüvvələrə qarşı aparılan istintaq tədbirləri Ermənistanın daxili siyasi həyatında seçkiöncəsi sərt qarşıdurmanın seçkisonrası yeni mərhələsinin başlandığını göstərir. Bu proseslər bir tərəfdən hakimiyyətin rəqiblərini zəiflətmək, digər tərəfdən isə dövlət institutları üzərində nəzarəti gücləndirmək məqsədi daşıyır. Əgər Paşinyan bu mərhələdən siyasi cəhətdən güclənmiş şəkildə çıxarsa, Azərbaycanla sülh gündəliyinin irəlilədilməsi və konstitusiya dəyişiklikləri istiqamətində daha cəsarətli addımlar atmaq üçün əlavə imkanlar əldə edə bilər. Amma sülhün perspektivi müxalifətin zəif və ya güclü olması ilə əlaqələndirilməməlidir. Ümumilikdə sülh müqaviləsinin imzalanması və davamlı sülhün təmini əsas, həlledici faktor yeni formalaşacaq hökumətin göstərəcəyi siyasi iradədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.
Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi və regional normallaşma təşəbbüsləri Ermənistanın daxili siyasi diskursuna da təsir göstərərək, Baş nazir Nikol Paşinyanın seçki platformasında Azərbaycanla münasibətlərin normallaşdırılması, davamlı sülhün və təhlükəsizliyin təmin olunması kimi prioritetlərin ön plana çıxmasına zəmin yaradıb.
Bunların nəticəsidir ki, regionda formalaşan yeni geosiyasi reallıqlar və Azərbaycanın təşəbbüskar mövqeyi revanşistlərin mövqeyinə ciddi zərbə vurdu.
Yeni status-kvo ölkənin daha praqmatik və konstruktiv düşünən siyasi dairələrini regional əməkdaşlıq, kommunikasiyaların açılması və sülh gündəliyinə daha çox diqqət yetirməyə sövq edib.
Elşad Paşasoy,
Musavat.com






