İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan kriptovalyuta bazarı AÇIR

610 02.07.2026 16:50 İqtisadiyyat A A

Azərbaycanda virtual aktivlər və kriptovalyuta bazarının hüquqi tənzimlənməsi istiqamətində mühüm addım atılır. Mərkəzi Bankın hazırladığı qanun layihəsinin 2026-cı ilin sonunadək qəbul ediləcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, məlumatı Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" tədbirində açıqlayıb. Onun sözlərinə görə, virtual aktivlər və kriptobazarla bağlı qanun layihəsinin yekun variantı hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Fidan Tofidi bildirib ki, bu sənəd Mərkəzi Bank üçün mühüm nailiyyət hesab olunur. O qeyd edib ki, virtual aktivlər sahəsi indiyədək Azərbaycanda hüquqi baxımdan tənzimlənməyib və bu istiqamət həm ölkə, həm də dünya üçün nisbətən yeni sahədir: "Əgər proses planlaşdırıldığı kimi davam etsə, 2026-cı ilin sonunadək ölkədə virtual aktivlər bazarının tənzimlənməsini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi planlaşdırılır. Bu istiqamətdə komanda intensiv şəkildə fəaliyyət göstərir".

Qanunun qəbul ediləcəyi təqdirdə, Azərbaycanda kriptovalyutaların və digər virtual aktivlərin dövriyyəsi üçün hüquqi çərçivə formalaşacaq, bazarın daha şəffaf və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi, həmçinin investorların hüquqlarının qorunması istiqamətində yeni mexanizmlərin tətbiqi mümkün olacaq.

Qəbul olunacaq kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar mütləq şəkildə Mərkəzi Bankdan lisenziya almalıdırlar. F.Tofidinin sözlərinə görə, lisenziya almaq üçün kifayət qədər sərt və ciddi tələblər müəyyən edilib: "Həmin tələblərə cavab verməyən təşkilatlar lisenziya ala bilməyəcəklər. Lisenziya əldə etdikdən sonra isə onların fəaliyyətinə davamlı nəzarət həyata keçiriləcək. Bu istiqamətdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması əsas prioritetlərdən biridir".

O qeyd edib ki, kriptoaktivlər və ümumilikdə kriptobazarda baş verən proseslər innovasiya və yeniliklər gətirsə də, bu sahə eyni zamanda ciddi risklər də daşıyır: "Buna görə də Mərkəzi Bankın əsas məqsədi yalnız innovasiyaların təşviqi deyil, həm də maliyyə sabitliyinin və təhlükəsizliyin qorunmasıdır. Məhz bu səbəbdən qeyd olunan məsələlər həm qanun layihəsində, həm də sonradan qəbul ediləcək normativ qaydalarda öz əksini tapacaq".

Qeyd edək ki, son on ilə yaxın müddətdə Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi istiqamətində addımların atılması məsələsi müntəzəm olaraq gündəmə gətirilib. Hələ 2020-ci ildə Mərkəzi Bankın Azərbaycanda kriptobirjaların fəaliyyətini tənzimləyəcək qanunverici bazanın formalaşdırılması üçün təhlillər aparacaq işçi qrupu formalaşdırıldığı elan olunub. Üzərindən 6 il keçdikdən sonra bu istiqamətdə real addımlar atılır.

Açıqlanan məlumatlardan aydın olur ki, Azərbaycan kriptoaktivlər, rəqəmsal maliyyə bazarları sahəsində çox mühafizəkar yanaşma sərgiləmək niyyətindədir. Bazarın və bazar iştirakçılarının tam nəzarətdə saxlanması, maliyyə vəsaitlərinin hərəkətinin izlənmə mexanizminin yaradılması planlaşdırılır. Bu istiqamətdə addımlar qanunverici baza formalaşdırılmazdan atılıb. Belə ki, Azərbaycan 2028-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yaratdığı Crypto-Asset Reporting Framework (CARF) – yəni Kripto-aktivlər üzrə Hesabatlılıq Çərçivəsinə qoşuulur. Yəni həmin ildən etibarən ölkə CARF standartlarına uyğun olaraq, kriptovalyuta əməliyyatları barədə məlumatları toplamağa və həmin strandartları qəbul etmiş üzv ölkələrlə məlumat mübadiləsinə başlayır. Azərbaycanın üzv olduğu standart mərkəzləşdirilmiş birjalara (CEX), bəzi mərkəzləşdirilməmiş platformalara (DEX), kripto bankomatlara və brokerlərə tətbiq olunacaq. Hesab olunur ki, kripto bazarı üçün toplanan məlumatlar gələcəkdə yalnız vergi hesabatı üçün deyil, həm də kripto aktiv sahiblərini müəyyən etmək üçün istifadə edilə bilər. Hazırda 75 ölkə CARF-ı tətbiq etməyi öhdəsinə götürüb və ABŞ-də həmin standartları 2028-ci ildə qəbul etməyi və 2029-cu ildə məlumat mübadiləsinə başlamağı planlaşdırır.

OECD-in bu çərçivəni hazırlaması “görünməz” maliyyə alətinin sürətlə çirkli pulların yuyulması, terrorçuluğun, eyni zamanda müxtəlif regionlarda hərbi-silahlı birləşmələrin maliyyələşdirilməsi üçün vasitəsinə çevrilməsi prosesinin qarşısının alınması zərurətindən irəli gəlir. Son illərdə ABŞ, Avropa İttifaqı Rusiya, İran və Çin mənşəli kriptobirjalara qarşı çoxsaylı sanksiyalar tətbiq ediblər. Belə birjalar dünyanın ən müxtəlif ərazilərində qanunsuz maliyyələşmə vasitəçilərinə çevrilib. Məsələn, may ayında məlum olub ki, ABŞ Federal Təhqiqat Bürosu Afrika və Asiyada qanunsuz fəaliyyətlər üçün istifadə edilən 8 milyard dollar dəyərində 127 mindən çox bitkoini müsadirə edib. Bu, indiyədək ən böyük belə müsadirədir. Eyni zamanda Böyük Britaniya hüquq-mühafizə orqanları Rusiyanın Avropa ölkələrindən ikili təyinatlı mallar almasını maliyyələşdirən 3 kriptobirja aşkarlayıb. ABŞ isə İrana bağlı kriptobirjaların 1 milyard dollarını dondurub.

Beləliklə, artıq kriptobirjaların fəaliyyətinin tənzimlənməsi, bu sahənin qanunsuz dövriyyələr, əməliyyatlar üçün istifadəsinin qarşısının alınması zərurəti qlobal səviyyədə qəbul olunur, mühüm addımlar atılır. Azərbaycanda kriptovalyuta bazarı qanuni fəaliyyət məkanı kimi tanınmayıb, lakin qanunsuz sayılan fəaliyyət kimi də təsnif olunmayıb. Belə havadan asılı qalma şəraitində ölkədə kriptovalyuta birjalarına maraq, kritpaktivlərlə əməliyyatlarda iştirak sürətlə genişlənib. 2024-cü ilin sonuna Azərbaycanda kriptovalyuta bazarı iştirakçılarının sayının 120 minə, dövriyyənin isə 4,4 milyard dollara çatdığına dair məlumat yayılıb. Bu, bir tərəfdən insanların Bitkoin kimi sürətlə bahalaşan kriptovalyutalardan qısa müddətdə böyük gəlir əldə etmək istəyindən qaynaqlanırsa, digər tərəfdən də, ölkədə azad biznes mühitinin olmamasından irəli gəlir. Müəyyən miqdarda vəsaiti olan şəxslərin kiçik və ya orta bizneslə məşğul olması üçün real şərtlərin yaradılmaması onların “görünməz” maliyyə alətlərinə istiqamətlənməsinə səbəb olur. Lakin kritpovalyuta bazarının yüksək volatilliyi, onun tənzimlənməsi üçün hüquqi mexanizmin olmaması, nəhayət, bir çox hallarda insanların yetərincə məlumatlı olmadan bu bazara girməsi oyunçular üçün ciddi maliyyə itkilərinə gətirib çıxarır.

Bu baxımdan, hökumətin bazarın hüquqi tənzimlənməsi mexanizmini yaratması zərurətə çevrilib. Lakin aydın məsələdir ki, burada əsas məqsəd yalnız istehlakçı hüquqlarının qorunması olmayıb, maliyyə vəsaitlərinin hərəkətinin nəzarətə götürülməsi, əldə olunan gəlirlərdən vergi ödənməsinin təmin olunması da mühüm paya malikdir.

Mərkəzi Bank rəsmisinin açıqladığı məlumatlardan da aydın olur ki, hazırlanan qanun bazara sərt nəzarət mexanizmi nəzərdə tutur. Qanunun ardınca, cinayət qanunvericiliyinə onun pozulmasına görə cəzaları müəyyən edən dəyişikliklər də ediləcək. Və bu cəzaların da sərt olacağı şübhəsizdir. Bir məsələni də qeyd edək ki, 2025-ci ilin oktyabrından Mərkəzi Bankın icazəsi əsasında M10 fintex platforması dünyanın ən böyük kriptovalyuta birjası olan Binance ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq iştirakçının özünü tam açıqlaması şərtilə platformadan Binance-a ümumi məbləği 20 min dollara qədər olan vəsaiti manatla birja əməliyyatlarına yatırmaq imkanını nəzərdə tutur.

Bu əməkdaşlığın başlanmasından 8 ay sonra Azərbaycanın ən böyük iki bankından biri olan ABB M10-la əməliyyat əməkdaşlığını dayandırıb. Bank bu addımın səbəbini açıqlamır, lakin sosial şəbəkələrdə səbəbin bank müştərilərinin M10 üzərindən kriptovalyuta əməliyyatlarına böyük məbləğdə vəsait yatıraraq itkilərə məruz qalması ilə bağlı olduğuna dair məlumatlar yayılır. Məlumdur ki, dünyanın ən güclü kriptovalyutası olan bitkoin kəskin ucuzlaşıb, eyni zamanda Binance həm ABŞ, həm də Avropa İttifaqında ciddi hüquqi problemlər yaşayır. Bu baxımdan, ABB-nin M10-la əməkdaşlığı dayandırması səbəbi kimi qeyd olunan məsələnin çıxış etməsi üçün əsaslar olmamış deyil.

Azərbaycan hökumətinin kriptovalyuta bazarını tənzimləmək istiqamətində addımlarının nə qədər effektiv olacağını zaman göstərəcək. Dünya təcrübəsində indiyədək belə addımların tam uğurlu nəticəyə gətirməsi presedenti yaranmayıb. Ən ciddi rejimlərin formalaşdırıldığı ölkələrdə də “görünməz” maliyyə alətlərini tam nəzarətə almaq hələlik mümkün olmayıb. Bu baxımdan, Azərbaycanın seçəcəyi yol ölkədə kriptovalyuta bazarına maraq göstərən insanların, investorların davranışlarında mühüm rol oynayacaq: normal yanaşma irihəcmli investisiyalara, ifrat sərt nəzarət gizli əməliyyatların payının yüksək olmasına gətirib çıxara bilər.

Dünya,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR