İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR-a tarixi səlahiyyət verildi - BTC kəmərinin operatorluğu rəsmi olaraq təhvil alındı

1289 02.07.2026 23:41 Dünya A A

Azərbaycanın enerji tarixində yeni mərhələ başlayıb. Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin istismarının 20 illiyinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə eyni zamanda BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri sistemlərinin vahid operatorluğunun BP-dən SOCAR-a təhvil verilməsi rəsmiləşdirilib.

Tədbirdə SOCAR, BP və dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Co Kristoferi çıxışında Bakı-Tbilisi-Ceyhan kəmərinin son 20 ildə qazandığı uğurlardan, layihənin beynəlxalq enerji təhlükəsizliyində oynadığı roldan və BP-nin operator kimi fəaliyyətindən danışıb.

O bildirib ki, SOCAR kəmərin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat səmərəliliyi üzrə formalaşmış yüksək standartları bundan sonra da qoruyub saxlayacaq.

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biridir. Onun sözlərinə görə, bu strategiyanın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

Rövşən Nəcəf qeyd edib ki, BTC Xəzər hövzəsini Qara dəniz regionu vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırıb və Xəzər enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması modelini köklü şəkildə dəyişdirib.

Mərasimin sonunda SOCAR prezidenti Rövşən Nəcəf və BP-nin regional prezidenti Co Kristoferi rəmzi idarəetmə düyməsini birlikdə basaraq BTC üzrə operatorluğun, eləcə də BTC və Cənubi Qafqaz Boru Kəməri sistemlərinin vahid operatorluğunun SOCAR-a keçdiyini rəsmən elan ediblər.

Bu qərar Azərbaycanın enerji sektorunda mühüm hadisə kimi qiymətləndirilir. Çünki uzun illər BP tərəfindən həyata keçirilən operatorluq funksiyasının artıq milli enerji şirkəti SOCAR tərəfindən icra olunması ölkənin enerji infrastrukturunun idarə edilməsində yeni mərhələnin başlanğıcı hesab edilir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 2006-cı ildə istismara verilib. Uzunluğu təxminən 1768 kilometr olan kəmər Azərbaycan neftini Gürcüstan üzərindən Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına çatdırır və Avropa ilə dünya bazarlarının enerji təchizatında mühüm rol oynayır.

kamran2022.jpg (23 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin operatorluğunun BP-dən SOCAR-a keçməsi ilk baxışda texniki və korporativ qərar kimi görünə bilər. Lakin prosesə geosiyasi prizmasından baxdıqda bunun Azərbaycan üçün daha geniş strateji məna daşıdığı aydın olur: "BTC layihəsi sadəcə neft kəməri deyil. Bu layihə Azərbaycanın müstəqil enerji siyasətinin və Qərblə strateji tərəfdaşlığının əsas sütunlarından biri olub. Uzun illər ərzində BP operator funksiyasını yerinə yetirərək layihənin uğurla işləməsini təmin edib. İndi isə həmin funksiyanın SOCAR-a verilməsi Azərbaycanın institusional inkişafının məntiqi nəticəsidir. Bu qərar onu göstərir ki, Azərbaycan artıq yalnız enerji resurslarının sahibi deyil, eyni zamanda belə mürəkkəb transmilli infrastrukturun idarə olunmasını tam şəkildə öz üzərinə götürə bilən ölkəyə çevrilib. Bu isə dövlətin texnoloji, idarəetmə və insan kapitalı baxımından yeni səviyyəyə yüksəldiyini nümayiş etdirir".

Siyasi şərhçi deyib ki, digər mühüm məqam ondan ibarətdir ki, operatorluğun SOCAR-a keçməsi beynəlxalq tərəfdaşların Azərbaycana etimadının göstəricisidir: "BP kimi qlobal enerji şirkətinin belə bir məsuliyyəti yerli operatora həvalə etməsi təsadüfi qərar deyil. Bu, uzun illər formalaşmış peşəkarlığın və qarşılıqlı etimadın nəticəsidir. Bununla yanaşı, enerji bazarında yeni reallıqlar formalaşır. Avropa enerji təhlükəsizliyi məsələsini əvvəlkindən daha ciddi prioritet hesab edir. Azərbaycan isə həm neft, həm də qaz ixracatçısı kimi bu prosesdə əsas tərəfdaşlardan biridir. Belə şəraitdə enerji infrastrukturunun idarə edilməsində milli imkanların genişlənməsi ölkənin danışıqlar mövqeyini də gücləndirir. Operatorluğun dəyişməsi mülkiyyətin dəyişməsi demək deyil. BTC beynəlxalq səhmdarlar konsorsiumu tərəfindən idarə olunan layihə olaraq qalır və bütün kommersiya öhdəlikləri qüvvədədir. Sadəcə olaraq, gündəlik əməliyyatların təşkili artıq SOCAR tərəfindən həyata keçiriləcək. Bu dəyişiklik Azərbaycanın enerji strategiyasının yeni mərhələyə daxil olduğunu göstərir. Əgər 1990-cı illərdə əsas məqsəd Xəzər enerji ehtiyatlarını dünya bazarına çıxarmaq idisə, bu gün əsas vəzifələrdən biri həmin strateji infrastrukturu yüksək peşəkarlıqla idarə etmək, yeni layihələri həyata keçirmək və ölkənin enerji diplomatiyasını daha da gücləndirməkdir. BTC operatorluğunun SOCAR-a keçməsi korporativ idarəetmə məsələsin olmaqla yanaşı Azərbaycanın enerji suverenliyinin, beynəlxalq etibarlılığının və regional geosiyasi çəkisinin artmasının növbəti mərhələsini ifadə edən mühüm hadisədir".

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR