İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ordusunda yeni hazırlıq - NATO kurslarında NƏ öyrədilir?

517 02.07.2026 15:24 Analitika A A

Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən təlim kursu keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçular üçün "NATO-da təlimlərin planlaşdırılması", "NATO standartlarına uyğun təlimlərin keçirilməsi və məqsədlərin müəyyən edilməsi" və digər mövzular üzrə brifinqlər təqdim olunub. Daha sonra qrup və fərdi məşğələlər təşkil edilib.
Kursda Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə kursunun dinləyiciləri iştirak edirlər.Təlimin əsas məqsədi hərbi qulluqçuların müasir tələblərə uyğun nəzəri və praktiki biliklərinin artırılması, müasir texnoloji həllərin, metod və vasitələrin tətbiqinin öyrədilməsi, eləcə də bu sahədə NATO standart və prosedurlarının mənimsənilməsidir.

Bu kurs Azərbaycanın NATO ilə tərəfdaşlıq çərçivəsində hərbi təhsil və peşəkar hazırlıq sahəsində əməkdaşlığının davam etdiyini göstərir. Burada söhbət Azərbaycanın NATO-ya üzvlüyündən deyil, Silahlı Qüvvələrin hazırlıq səviyyəsinin artırılması, təlimlərin planlaşdırılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsindən gedir. Kursun proqramında NATO standartları əsasında təlimlərin planlaşdırılması, məqsədlərin müəyyən edilməsi və müasir idarəetmə metodlarının tətbiqi kimi mövzuların yer alması Azərbaycan Ordusunda idarəetmə və hazırlıq sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir.

Bu cür təlimlər həm də Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda və müxtəlif çoxtərəfli hərbi əməkdaşlıq formatlarında iştirak edən şəxsi heyətinin hazırlıq səviyyəsini yüksəltməyə imkan yaradır. Eyni zamanda, ölkənin hərbi təhsil sistemində müasir yanaşmaların tətbiqinə və müxtəlif tərəfdaşlarla qarşılıqlı fəaliyyət imkanlarının genişlənməsinə töhfə verir.
Picture background

Hərbi ekspert, polkovnik Şair Ramaldanov Musavat.com-a bildirib ki, Bakıda keçirilən NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupunun kursu Azərbaycanın NATO ilə uzun illərdir davam edən tərəfdaşlıq proqramlarının tərkib hissəsidir. Burada əsas məqsəd hərbi qulluqçulara NATO standartları əsasında təlimlərin planlaşdırılması, idarə olunması və qiymətləndirilməsi metodlarını öyrətməkdir: “Bu, hər hansı silah və ya texnika ilə bağlı təlim deyil, daha çox idarəetmə, qərargah fəaliyyəti və peşəkar hərbi təhsil sahəsini əhatə edir. Bu cür kurslarda ilk növbədə təlimlərin planlaşdırılması metodikası öyrədilir. NATO-da hər bir təlim əvvəlcədən müəyyən edilmiş məqsədlər, ssenarilər, risklərin qiymətləndirilməsi və nəticələrin təhlili əsasında hazırlanır. Bu yanaşma resurslardan daha səmərəli istifadə etməyə və şəxsi heyətin hazırlıq səviyyəsini sistemli şəkildə yüksəltməyə imkan verir. Kurs iştirakçıları həmçinin NATO-nun əməliyyat planlaşdırılması prinsipləri, qərargah işinin təşkili, komanda-qərargah prosedurları, liderlik, qərar qəbuletmə mexanizmləri, təlimlərin qiymətləndirilməsi və əldə olunan nəticələrin gələcək hazırlıq prosesinə inteqrasiyası kimi mövzularla tanış olurlar. Müasir döyüş əməliyyatlarında informasiya mübadiləsinin sürəti, bölmələr arasında koordinasiya və çevik idarəetmə həlledici rol oynadığından, bu bacarıqlar xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, NATO kurslarında müxtəlif ölkələrin silahlı qüvvələrinin birlikdə fəaliyyət göstərə bilməsini təmin edən standart prosedurlar da izah edilir. Bu, xüsusilə sülhməramlı əməliyyatlarda, humanitar missiyalarda və beynəlxalq hərbi təlimlərdə qarşılıqlı fəaliyyət imkanlarını artırır”.
Ekspert qeyd edib ki, belə kurslar Azərbaycan Ordusunun idarəetmə mədəniyyətinin, qərargah hazırlığının və hərbi təhsil sisteminin beynəlxalq təcrübəyə uyğun inkişafına xidmət edir. Bu isə Silahlı Qüvvələrin müasir çağırışlara daha çevik cavab verməsinə, həm milli müdafiə tapşırıqlarının, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində üzərinə düşən öhdəliklərin daha peşəkar şəkildə yerinə yetirilməsinə əlavə imkanlar yaradır.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR