“Azərbaycanın bir sıra ölkələrlə çox sıx miqrasiya mübadiləsi var. Sıralamada ilk üç yeri Rusiya, Gürcüstan və Türkiyə tutur”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin üzvü Azər Allahverənov bildirib.
Deputatın sözlərinə görə, il ərzində Ukrayna və İrandan da xeyli sayda vətəndaş ölkəmizə miqrasiya etməyə maraq göstərir:
“Azərbaycanda miqrasiya mübadiləsinin intensiv olması həm də bu ölkələr arasında olan miqrasiya prosesləri ilə şərtlənir. Son zamanlar Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdən də çox sayda vətəndaş il ərzində ölkəmizə miqrasiya edir. Bu da onu göstərir ki, Azərbaycanda çox sabit miqrasiya mübadiləsi mövcuddur”.

Azər Allahverənov deyib ki, ilin müxtəlif fəsillərində ölkəmizə gələnlərin siyahısında yeni ölkələrin adlarını da görə bilərik:
“Məsələn, yay aylarında ərəb ölkələrinin vətəndaşları daha fəal olurlar. Pakistan, Hindistan bəzən sıralamada müəyyən qədər ön sırada yer ala bilir. Amma il ərzində aparılan müşahidələr onu deməyə əsas verir ki, son bir neçə il ərzində ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə öz yerini qoruyub saxlayır”.
Qeyd edək ki , ötən il ərzində Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı Rusiya Federasiyası və Ukrayna da daxil olmaqla 165 ölkənin vətəndaşı tərəfindən 82 648 müraciət daxil olub. Dövlət Miqrasiya Xidmətindən (DMX) Musavat.com-un sorğusuna cavabda bildirilib ki, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı isə 41 ölkənin vətəndaşı tərəfindən 4776 müraciət daxil olub.
Nigar HƏSƏNLİ,
Musavat.com






