Bu gün Azərbaycanda bir cinayət işi hələ məhkəmə zalına çatmamış, TikTok-da, X-də, Facebook-da artıq “hökm” verilir. Hashtag-lar, canlı yayımlar, reaksiya videoları və anonim şərhlər klassik məclis müzakirəsini əvəz edib.
Vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, bu yeni informasiya mühiti təkcə cəmiyyəti yox, ədalət mühakiməsinin özünü dəyişməyə məcbur edir.
Bəs dünya bu problemi necə həll edir? ABŞ və Almaniya kimi oturuşmuş məhkəmə sistemləri belə sosial şəbəkələrin təzyiqindən yayınmağa qadirdirmi?
Cavad Cavadov bildirib ki, ABŞ-da rezonanslı cinayət işlərinin əhəmiyyətli hissəsi münsiflər tərəfindən həll olunur. Bu isə sosial şəbəkə mühitini daha təhlükəli edir, gündəlik Facebook və TikTok axınına eyni anda məruz qalır:
“Tədqiqatlar göstərir ki, sosial media istifadə edən münsiflər iş barədə əlavə məlumat axtarırlar. Nəticə etibarı ilə onlayn şərhlərə təsirlənirlər və proses zamanı qərəzsizliyə xələl gəlir. Bir neçə hashtag real hökmün səsinə çevrilə bilir. Elə Depp-Heard davası, yaxud hazırda ABŞ-da gündəm olan Sean “Diddy” Combs işi buna nümunədir: TikTok, YouTube və İnstagram məhkəməni şouya çevirir, milyonlarla insan “öz hökmünü” çıxarır.
ABŞ isə sosial şəbəkələri susdurmur, əksinə, müdafiə mexanizmləri qurur. Məhkəmə yerinin dəyişdirilməsi, münsiflərin təcridi, genişlənmiş sorğular, sosial media qadağaları barədə ciddi təlimatlar verilir”.

C.Cavadovun sözlərinə əsasən, bu mexanizmlər bahalıdır, həm də həmişə işləmir:
“Almaniyada hüquqlar sərt şəkildə qorunur, peşəkar hakimlər var. Amma sosial media yenə də ədalət mühakiməsinə basqı yaradır. Almaniyada qərarları əsasən peşəkar hakimlər verir və bu, sosial media təsirini azaldır. Amma tam yox. Çünki hakimin sosial şəbəkədəki paylaşımı belə onun qərəzsizliyinə şübhə yaradırsa, bu, məhkəmə tərkibindən imtina üçün əsas sayılır. Yüksək rezonanslı işlərdə, məsələn, Björn Höcke işi, “Reichsbürger” şəbəkəsi prosesi Almaniyada da sosial media təzyiqinin real olduğunu göstərdi.
Almaniya Avropa Direktivinə uyğun olaraq dövlət qurumlarının dilini kəskin tənzimləyir, heç kim rəsmi hökm olmadan “cinayətkar” adlandırıla bilməz. AİHM uzun illərdir media–məhkəmə balansını 6-cı (ədalətli məhkəmə) və 10-cu (ifadə azadlığı) maddələrin kəsişməsində qiymətləndirir. “Prejudicial publicity” - yəni prosesdən əvvəl günahkar obrazı yaratmaq məhkəməyə ciddi ziyan vurur.
AİHM-in yanaşması qısaca belədir:
– Təkcə geniş işıqlandırma pozuntu deyil.
– Amma dövlət orqanlarının dili prezumpsiyanı poza bilər.
– Şəxsin neqativ mediaya qarşı “cavab haqqı” təmin edilməlidir.
Bu arqumentlər sosial şəbəkə əsrində daha aktualdır”.
Cavad Cavadov bildirib ki, sosial şəbəkələr ədalət mühakiməsi üçün müəyyən mənada təhlükəli olsa da, bəzən xilas mexanizminə də çevrilir:
“Təhlükəli tərəfi budur ki, hakim və şahidlərə psixoloji basqı olur. Hakimlər şüursuz təsirlənənə bilir. Bəraət almış şəxsin reputasiyasının illərlə bərpa olunmur.
Sosial şəbəkələrin faydalı tərəfləri isə budur ki, korrupsiya hallarında ictimai nəzarət artır, marginal qrupların səsini eşidilir, dövlət orqanlarının hesabatlılığı genişlənir. Yəni məsələ platformada yox, onun tənzimlənmə səmərəsindədir”.
C.Cavadovun fikrincə, Azərbaycan reallığında əsas sual sosial şəbəkələrin ədalətə mane olub-olmaması deyil:
“Əsas məsələ - bizim məhkəmə və hüquq mədəniyyətimiz bu mühitə hazırdırmı? Azərbaycanda dövlət qurumlarının dili dərhal dəyişməlidir. Cinayətkar tutuldu, qatil yaxalandı kimi ifadələr prezumpsiyanı pozur. Bunun əvəzinə şübhəli tutuldu, təqsirləndirilən şəxs, cinayət işi üzrə araşdırma aparılır kimi ifadələr işlədilməlidir.
Hakimlər üçün sosial media davranış kodeksi olmalıdır. Hakimlərin paylaşım, şərh, hətta “like”ları belə qərəz şübhəsi doğurmamalıdır. Almaniya modelinə uyğun məhkəmədən imtina mexanizmi inkişaf etdirilməlidir. Vəkillər üçün ictimai çıxış etikası da olmalıdır. Cəmiyyəti məlumatlandırmaq vacibdir, amma məhkəmədən əvvəl hökm praktikasına çevrilməməlidir. Media və blogerlər üçün prezumpsiya standartı müəyyən olunmalıdır. “Cinayətkar tutuldu” başlıqları yox, “şübhəli saxlanıldı” şəklində olmalıdır. Bəraət verilmiş şəxslərlə bağlı xəbərlərə “update” qoyulmalıdır. Zorakı, təhqiredici və məhkəməyə təsir edən ekstrem kontentə qarşı mexanizmlər gücləndirilməlidir. Sosial şəbəkələri söndürmək mümkün deyil. Amma onları qanunun, mədəniyyətin və məsuliyyətin çərçivəsinə salmaq mümkündür”.
Vəkil Cavad Cavadov hesab edir ki, məhkəmələri ictimaiyyətin diqqətindən kənar keçirmək mümkün deyil. Amma ədaləti sosial şou-mühitdən qorumaq üçün şüurlu müdafiə mexanizmləri yaratmaq tamamilə mümkündür.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






