İranda son aylarda bəzi radikal dini-hərbi qrupların, eləcə də ayrı-ayrı siyasi dairələrin Azərbaycan əleyhinə çıxışları diqqət çəkirdi. Xüsusilə İranın yaşadığı ağır müharibə günlərində bu qüvvələr yenidən Azərbaycanı hədəfə gətirməyə, Bakı ilə Tehran arasında etimad mühitinə zərbə vurmağa çalışırdılar. Lakin İranın ən yüksək siyasi rəhbərliyindən gələn açıqlamalar həmin çevrələrin bütün iddialarını puça çıxardı.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər və bundan əvvəl Prezident Məsud Pezeşkianın verdiyi mesajlar rəsmi Tehranın Bakıya münasibətinin əsl göstəricisi kimi dəyərləndirilir.
Qalibaf xüsusi olaraq vurğulayıb ki, İranın çətin və ağır günlərində Azərbaycan dövləti və xalqı qonşuluq və dostluq mövqeyindən çıxış edib. O, Prezident İlham Əliyevin İran səfirliyinə gələrək başsağlığı verməsini, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və digər həlak olan şəxslərin xatirəsinə ehtiram göstərməsini, eləcə də Ayətullah Seyid Müctəba Hüseyninin Ali Rəhbər seçilməsi münasibətilə göndərilən təbrik məktubunu yüksək qiymətləndirib.
İran parlamentinin sədrinin sözlərində xüsusi diqqət çəkən məqam isə Azərbaycanın müharibə dövründə nümayiş etdirdiyi mövqeyə verilən qiymət olub. Qalibaf bildirib ki, Azərbaycan mehriban qonşuluq siyasətinə sadiq qalıb, humanitar dəstəyini əsirgəməyib və Azərbaycan xalqı İranın yanında olub. O, bu münasibətin İran xalqının yaddaşında əbədi qalacağını vurğulayıb.
Əslində bu fikirlər son dövrlər bəzi radikal dairələrin irəli sürdüyü ittihamlara verilmiş ən sərt siyasi cavabdır. Çünki həmin qruplar Azərbaycanı əsassız şəkildə ittiham etməyə çalışarkən, İranın siyasi rəhbərliyi tam əks mövqe ortaya qoyur və Bakını dost ölkə adlandırır.
Qalibafın çıxışında diqqət çəkən digər mühüm məqam İranın müharibə günlərində dostunu və düşmənini daha yaxşı tanıdığı barədə ifadələri olub. O açıq şəkildə bildirib ki, bu dövr müsəlman ölkələri ilə əlaqələrin əhəmiyyətini bir daha göstərdi və Azərbaycan İranın yanında olan dövlətlərdən biri kimi özünü təsdiqlədi.
Bu xətt Prezident Məsud Pezeşkianın son aylarda səsləndirdiyi fikirlərlə də üst-üstə düşür. Pezeşkian dəfələrlə Azərbaycanla münasibətlərin strateji əhəmiyyətindən danışıb, iki xalq arasında tarixi, dini və mədəni bağların gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qalibafın iqtisadi və nəqliyyat layihələri ilə bağlı açıqlamaları da diqqət çəkir. O bildirib ki, Ağbənd-Kəlalə körpüsünün tikintisi artıq başa çatıb. Bundan əlavə, İran ərazisindən keçən Araz dəhlizinin regionun nəqliyyat imkanlarını genişləndirəcəyini və ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcəyini qeyd edib.
Beləliklə, həm Pezeşkianın, həm də Qalibafın mesajları göstərir ki, İran rəhbərliyi Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və iki ölkə arasında strateji əməkdaşlığın genişlənməsini istəyir. Bu açıqlamalar eyni zamanda Azərbaycanı hədəfə alan radikal qruplara və anti-Azərbaycan ritorikasını körükləməyə çalışan dairələrə verilən ən tutarlı siyasi cavab kimi qiymətləndirilə bilər.
Çünki Tehranın ən yüksək səviyyəsində verilən mesaj sadə və aydındır: İran çətin günlərində yanında olan dostlarını unutmur və Azərbaycan həmin dostların ön sıralarında yer alır.
Musavat.com






