Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub.
Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, dekabrın 5-də səfir şəhərin meri, hakim koalisiyanın tərkibində yer alan Rumıniya Xilaskərlar Birliyi (USR) partiyasının sədri Dominik Frits ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan–Rumıniya regional əməkdaşlığının genişləndirilməsi, Timişoara ilə Azərbaycanın müxtəlif şəhərləri arasında əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qüdsi Osmanov Timişoaranın multikultural mühiti, gənclərin ictimai fəallığı və unikal memarlığı ilə seçildiyini bildirib. O, şəhərin 2023-cü ildə Avropanın Mədəniyyət Paytaxtı seçilməsinin beynəlxalq tanıtıma və mədəni potensialın yüksəlməsinə mühüm təsir etdiyini vurğulayıb. Səfir iki ölkənin regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı fayda gətirdiyini xüsusi qeyd edib.
Meri Dominik Frits isə Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini, Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib. O, şəhər tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı və hər il keçirilən Timişoara Şəhər Sammiti barədə məlumat verərək, bu təşəbbüslərin Avropa platformasında dialoqa töhfə verdiyini deyib.
Səfər çərçivəsində diplomat “Müqəddəs Üç Hiyerarx” kilsəsini də ziyarət edib. Milad bayramı ərəfəsində baş tutan ziyarət Rumıniyada dini əhəmiyyət daşıyan günlərlə üst-üstə düşüb.
Bundan başqa, Qüdsi Osmanov Timişoara Sosial Yardım İdarəsinin “Inokentsiu Klein” Qocalar Evinə baş çəkib, sakinlərlə səmimi görüş keçirib və Azərbaycan səfirliyi adından bayram hədiyyələri və şirniyyatlar təqdim edib.
Qeyd edək ki, Timişoara Rumıniyanın ən böyük sənaye və mədəniyyət mərkəzlərindən biridir. Şəhər əhali və ərazi baxımından ölkədə üçüncü yeri tutur, eyni zamanda 1989-cu il inqilabının başladığı məkan kimi azadlıq və demokratiyanın simvolu hesab olunur.
Musavat.com






