20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Rumıniyada yaşayan və təhsil alan soydaşlarımız, Azərbaycan diasporunun nümayəndələri, Rumıniya ictimaiyyətinin təmsilçiləri, eləcə də “SOCAR Romania” şirkətinin əməkdaşları iştirak edib.
Anım mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, 20 Yanvar şəhidlərinin, həmçinin Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan səfir Qüdsi Osmanov çıxışında XX əsrin 80–90-cı illərinin tarixi xronikasına toxunub, Azərbaycan xalqının məruz qaldığı qərəzli və ayrı-seçkilik siyasətinə etiraz olaraq öz iradəsini ortaya qoyduğunu, törədilən qanlı cinayətlər qarşısında geri çəkilmədiyini və birlik nümayiş etdirməklə suverenliyinə və müstəqilliyinə qovuşduğunu bildirib.
Səfir 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbənin məhz bu sarsılmaz iradənin nəticəsi olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçılarına Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Diplomatik nümayəndəlikdə faciəyə həsr olunan fotosərgi təşkil olunub, qonaqlar üçün ehsan süfrəsi açılıb.
Eyni zamanda 20 Yanvar hadisələri ilə bağlı Rumıniyanın Milli İnformasiya Agentliyi “Agerpres”də rumın dilində geniş məqalə dərc edilib.
Musavat.com






