Bakı Ağır Cinayətlər Məhkəməsində 1 ildən artıqdır ki, “Atlant işi” üzrə araşdırmalar davam edir.
Musavat.com xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.
Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova ötürdüyünü, ona məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.
İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşür.
Zərərçəkmişlər Tahir Qədəşovun məhkəməyə çağırılaraq həbs olunmasını, üzərinə həbs qoyulan "Atlant" istirahət mərkəzinin hərracdan satılaraq onlara vurulmuş zərərin qarşılanmasını tələb edirlər.
Belə bir vaxtda, 171 vətəndaş illərdir mənzil ümidi ilə ödədiyi milyonların taleyini axtardığı halda, həmin pulların yönəldildiyi “Atlant” Ailəvi İstirahət Mərkəzində həyat öz axarı ilə davam edir
Zərərçəkənləri xüsusilə qəzəbləndirən məqamlardan biri də sosial şəbəkələrdə və mediada yayılan görüntülərdir. Bir tərəfdə evsiz qalan, borc içində yaşayan, məhkəmə qapılarında haqqını tələb edən yüzlərlə ailə var, digər tərəfdə isə “Atlant”ın sahibi Tahir Qədəşov tiktoker Baboşu obyektində qonaq edir, hovuz başında çəkilişlər təşkil edir, istirahət mərkəzini reklam etdirməyə çalışır.
“Bizim pullarımızın hesabına tikildiyi deyilən obyekt bu gün əyləncə və reklam məkanına çevrilib” – zərərçəkənlər məhz bu arqumenti irəli sürərək Tahir Qədəşovun da cinayət işinə cəlb olunmasını tələb edirlər.
Onların fikrincə, ortada milyonlarla manatlıq zərər, yüzlərlə zərərçəkən və məhkəmədə səslənən ciddi ittihamlar olduğu halda, “Atlant”ın sosial şəbəkə fenomenlərinin iştirakı ilə reklam olunması cəmiyyətə yanlış mesaj verir. Guya heç nə olmamış kimi həyat davam edir, yüzlərlə insanın taleyi isə arxa plana keçir.
Zərərçəkənlər hesab edirlər ki, milyonların izi “Atlant”a çıxırsa, o zaman hovuz kənarında çəkilən reklam videolarından əvvəl həmin vəsaitlərin taleyinə hüquqi qiymət verilməlidir.
171 ailənin gözü məhkəmədədir. Onların milyonların hesabına böyümüş obyekt reklam olunmağa davam edəcək, yoxsa nəhayət, həmin pulların əsl sahiblərinin haqqı bərpa olunacaq?
Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib.
Zərərçəkənlər isə “Atlant” istirahət mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.
“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” maksimum xidmət göstərən böyük bir kompleksdir.
E.Məmmədəliyev,
Musavat.com






