İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Berlin xəttində yeni GƏLİŞMƏ – Detallar AÇIQLANDI

438 21.07.2026 13:29 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Almaniyada səfərdədir. Səfər çərçivəsində prezident Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Həmçinin iyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olubQeyd edək ki, 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Ötən illə müqayisədə müəyyən azalma qeydə alınsa da, son beş ildə ticarət dövriyyəsi 68 faiz artıb. Enerji əməkdaşlığı Azərbaycan-Avropa münasibətlərinin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi 10 Avropa İttifaqı ölkəsi arasında Almaniya ilə əməkdaşlığın genişlənməsi də xüsusi əhəmiyyət kəsb edir. Son beş ildə Avropaya təxminən 60 milyard kubmetr təbii qaz nəql edən Azərbaycan bu gün Avropa İttifaqının ən etibarlı enerji tərəfdaşlarından biri hesab olunur və qaz ixrac edən ilk beş ölkə sırasında yer alır.

Bu mövzuda danışan iqtisadçı Eldəniz Əmirov Musavat.com-a bildirib ki, Azərbaycanın geostrateji mövqeyi, eyni zamanda, zəngin resursları Almaniya üçün son dərəcə önəmlidir.

Onun sözlərinə görə, əvvəlki illərdə münasibətlərdə əsas ağırlıq enerji əməkdaşlığının üzərinə düşürdü: “İstər neft, istər təbii qaz, istərsə də digər enerji məhsulları üzrə əməkdaşlıq xüsusi çəkiyə malik idi və görüşlərin, müzakirələrin əsas mövzusu da bu sahələr olurdu. Ancaq hazırda bu münasibətlərin konteksti, mahiyyəti və məzmunu dəyişməkdədir. Çünki qeyd etdiyim kimi, Almaniya bu gün artıq təkcə enerji almaqla maraqlanmır. Onun üçün daha vacib məsələ etibarlı və uzunmüddətli tərəfdaşlarla əməkdaşlıqdır. Rusiya ilə münasibətlərdə Almaniyanın əsas səhvi də məhz enerjiyə həddindən artıq fokuslanaraq etibarlılıq faktorunu arxa plana keçirməsi olmuşdu. Xüsusilə Merkel hakimiyyəti dövründə bu yanaşma sonradan ciddi problemlər yaratdı. Bu baxımdan hesab edirəm ki, Azərbaycan son illərdə Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevrildiyi üçün artıq Almaniya da daxil olmaqla bir çox Avropa ölkələrinin diqqət mərkəzindədir".

Eldəniz Əmirov: "Enerji diplomatiyası Azərbaycanın geosiyasi gücünün  yüksəldilməsində mühüm əhəmiyyət daşıyır"

İqtisadçı vurğulayıb ki, prezidentin bu səfərinin ən mühüm nəticələrindən biri Almaniya investisiyalarının təkcə həcminin artması deyil, həm də keyfiyyətinin dəyişməsi ola bilər: “Çünki burada söhbət yalnız investisiyanın həcmindən getmir. Almaniya bu gün dünyanın ən güclü sənaye və texnologiya ölkələrindən biridir və yeni iqtisadi transformasiyanın əsas mərkəzlərindən hesab olunur. Buna görə də Almaniyanın müasir texnologiyalarının, qabaqcıl istehsal modellərinin, süni intellekt həllərinin, sənaye texnologiyalarının, eləcə də idarəetmə təcrübəsinin Azərbaycana gətirilməsi tam real görünür. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından Almaniya ilə əməkdaşlıq, xüsusilə də qeyri-neft sektoru üzrə tərəfdaşlığın genişləndirilməsi ölkə iqtisadiyyatında uzunmüddətli və dayanıqlı inkişafın təmin olunması üçün son dərəcə vacibdir”.

Eldəniz Əmirovun fikrincə, digər mühüm məqamlardan biri də hərbi sənaye sahəsidir: “Azərbaycan son illər müdafiə sənayesinin inkişafına ciddi diqqət ayırır. Oxşar prosesi Almaniyada da müşahidə edirik. Artıq bir neçə ildir ki, Almaniya hərbi sənayesinin və müdafiə iqtisadiyyatının yüksələn xətt üzrə inkişafına xüsusi önəm verir. Düşünürəm ki, Azərbaycanın bu sahədə qazandığı təcrübə həm ölkəmizin müdafiə sənayesi məhsullarının ixrac imkanlarını genişləndirə, həm də Almaniya ilə birgə istehsal müəssisələrinin yaradılmasına zəmin yarada bilər. Bununla yanaşı, yeni texnologiyaların Azərbaycana idxalı, sənaye əməkdaşlığı və texnologiya transferi istiqamətində də geniş perspektivlər mövcuddur. Ümumilikdə, bu sahədə əməkdaşlıq imkanları olduqca genişdir".

Eldəniz Əmirov həmçinin qeyd edib ki, digər mühüm məsələ Zəngəzur dəhlizi ilə bağlıdır: “Bu gün Zəngəzur dəhlizi artıq sadəcə nəqliyyat dəhlizi deyil. Artıq qlobal güclərin geosiyasi və geoiqtisadi maraqlarının kəsişdiyi strateji məkana çevrilib. Dünyanın aparıcı dövlətləri bu dəhliz ətrafında bu və ya digər formada mövqe qazanmağa çalışırlar. Lakin bunun üçün Azərbaycanla ikitərəfli münasibətlərin yüksək səviyyədə olması vacib şərtdir. Çünki Azərbaycanla strateji münasibətlər qurulmadan Zəngəzur dəhlizi ətrafında hər hansı ciddi fəaliyyət göstərmək və burada söz sahibi olmaq mümkün deyil. Məhz bu kontekstdə Almaniyanın Azərbaycana artan marağı tamamilə başadüşüləndir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR