Bu gün Bakıda Azərbaycan tarixinin ən qürurlu səhifələrindən birinə çevrilmiş Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunan möhtəşəm hərbi parad keçiriləcək.
Musavat.com bildirir ki, parad saat 13:00-da start götürəcək.
Buna baxmayaraq, artıq səhər saatlarından etibarən Bakı sakinləri və şəhərə gələn qonaqlar bu möhtəşəm tədbiri izləmək üçün Dənizkənarı bulvara üz tutublar. Şəhərdə bayram ab-havası hökm sürür. Əllərində üçrəngli bayraq dalğalandıran böyüklü-kiçikli, gənc və yaşlı hər kəs qələbə sevincini bir daha yaşamaq üçün bulvara axışır. Küçələrdə milli musiqilər səslənir, uşaqlar sevinc içində bayraqları yelləyir, insanlar isə 8 Noyabr Zəfər Gününün qürurunu birgə paylaşır. Bakı bu gün tam mənasıyla qələbə rəmzinə çevrilib.
Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişi ilə təşkil olunan bu təntənəli tədbir Azərbaycanın hərbi qüdrətinin, dövlət müstəqilliyinin və milli birliyinin rəmzi kimi qiymətləndirilir.
Paytaxtın mərkəzində keçiriləcək paradda ölkənin müxtəlif qoşun növləri – Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri iştirak edəcəklər.
Tədbir çərçivəsində ən müasir hərbi texnika, zirehli maşınlar, artilleriya və raket sistemləri, dronlar və aviasiya vasitələri nümayiş etdiriləcək. Paradın kulminasiya anlarından biri isə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya dəstəsinin və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd F-16 qırıcısının səmada nümayişi olacaq. Bu, Azərbaycan və Türkiyə qardaşlığının, “bir millət, iki dövlət” birliyinin parlaq təcəssümüdür.
Bu ilki paradda qardaş ölkənin hərbçiləri də iştirak edəcəklər. Onların Azərbaycan əsgərləri ilə çiyin-çiyinə addımlaması, xalqlarımız arasında sarsılmaz dostluğun və strateji tərəfdaşlığın növbəti sübutudur.
Xatırladaq ki, bu əlamətdar hadisəni izləmək üçün Bakıya bir sıra qardaş və dost ölkələrin rəhbərləri gəliblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, eləcə də Slovakiya Respublikasının müdafiə naziri Robert Kalinak paradda qonaq qismində iştirak edəcəklər. Onların iştirakı Azərbaycanın regional və beynəlxalq arenadakı artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Tədbirin aparıcılığı isə tanınmış televiziya siması Mümtaz Xəlilzadəyə həvalə olunub.
Xalidə Gəray
Foto, video müəllifindir
Musavat.com






