İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda həbsdə olan 11 rusiyalının taleyi masada

3278 05.03.2026 13:22 Ölkə A A

Azərbaycan baş prokuroru Kamran Əliyev Bakıda səfərdə olan Rusiya Baş prokurorunun müavini Pyotr Qorodovu qəbul edib. Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 9 oktyabr 2025-ci il tarixində Düşənbədə keçirilən görüşü zamanı əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü ildə AZAL təyyarəsinin qəzası nəticəsində yaranan problemlərin həlli üçün yaxın gələcəkdə bir sıra praktik addımlar atacaqlar.

Bəllidir ki, AZAL təyyarəsi ilə bərabər, bu təmaslarda Bakıda həbsdə olan Rusiya vətəndaşları ilə bağlı məsələdə müzakirə edilir. Bunu bir neçə gün əvvəl verdiyi açıqlamada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da təsdiqləyib. "Biz bu məsələni Azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq qaldırırıq və Bakının belə bir qərarı, şübhəsiz ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı", - deyə o bildirib.

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov “Svobodnaya Pressa” açıqlamasında münasibətlərdə ən azı nisbi "ərimə" başlayandan sonra Bakının belə bir addımın atmasını mümkün hesab edib. Nəşr Bakıda həbsdə olan rusların kimlərləsə(?-red) dəyişdirilə biləcəyini istisna etməyib.

Qeyd edək ki, yanvarın sonunda Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.
Bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb, dəstə üzvlərinin hər biri barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbayel Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı.

Yalanın ömrü 40 gün çəkir -

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a dedi ki, artıq Bakı ilə Moskva arasındakı münasibətlərin mülayimləşdiyi hiss olunur: “Düşünürəm ki, regional qarışıqlıq Azərbaycanla Rusiyanı soyuqluğa son verməyə, münasibətləri daha da yaxşılaşdırmağa sövq edir. İranda baş verən hadisələr də iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasında müəyyən müsbət impulslar yaradıb. Təsadüfi deyil ki, bu günlərdə Rusiya tərəfi mürəkkəb regional vəziyyət şəraitində Rusiya Federasiyası vətəndaşlarının İran İslam Respublikasından operativ şəkildə təxliyə edilməsinə göstərdiyi yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını dilə gətirib. Artıq bir illik sərin münasibətlər dövrü arxada qalmaqdadır. Rusiya strateji tərəfdaşı və müttəfiqi olan Azərbaycanla daha da yaxınlaşmaq niyyətindədir. İki dövlət arasında iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoyacağı gözlənilir”.
Ekspertin sözlərinə görə, ruslar sanksiyalar əhatəsində olduqları üçün Zəngəzur dəhlizinin açılmasını səbrsizliklə gözləyirlər: “Hətta rusiyalı iqtisadçılar Azərbaycana yeni işıq qapısı kimi baxdıqlarını vurğulayırlar. Bunu indi açıq şəkildə ifadə edirlər və gizlətmirlər. Üstəlik, bu ilin aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. İclasın keçirilməsi barədə razılaşma da əldə olunub. Bu o deməkdir ki, Bakı ilə Moskva arasında artıq buzlar əriyir. Bugünlərdə Rusiya beynəlxalq axtarışda olan iki nəfəri Azərbaycana təhvil verdi. Deməli, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üzrə bütün istiqamətlərdəki mexanizmlər işlək vəziyyətdədir. Fikrimcə, Prezident Vladimir Putinlə Prezident İlham Əliyevin şəxsi münasibətləri dövlətlərarası münasibətlərin bütün spektri üçün başlıca meyardır. Bu münasibətlər çox konstruktivdir, qarşılıqlı rəğbət və qarşılıqlı etimada əsaslanır. Dövlətlərimizin başçıları arasında təmaslar müntəzəm xarakter daşıyır. Onların arasında daim telefon zəngləri və ya görüşlər baş tutur. Və sonra bu əhval-ruhiyyə, bu siqnallar Rusiya və Azərbaycanda həyatın bütün sahələrinə yayılır. Buna görə də şəxsi münasibətlər çox vacib amildir. Digər tərəfdən, Əmtəə dövriyyəmiz artır: artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var. Artıq münasibətlərdə soyuqluğa səbəb olan " AZAL işi" də çözülür. Moskva Bakının şərtləri ilə razılaşıb. Görünən odur ki, Azərbaycanla Rusiya arasındakı gərginlik arxada qalıb”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR