Azərbaycanda qanunla dövriyyəsi məhdudlaşdırılmış gizli kamera cihazlarının satışının TikTok platfomasında geniş reklamı aparılır. Bu barədə “Bakı-Xəbər” məlumat yayıb.
Reklam olunan və gizli çəkilişlə bağlı nəzərdə tutulmuş bu kimi cihazlardan xüsusi olaraq hamam otağı üçün nəzərdə tutulan krantların, ofislərdə masalarda qələmlərin və digər əşyaların üzərində yerləşdirilməsinin mümkün olduğu qeyd edilir. Məlum cihazların satışı 21-50 manat arasında dəyişir.
Qeyd etdiyimiz kimi, mini gizli kameraların reklamı ilə bağlı hazırlanmış videogörüntülər sosial şəbəkələrdə yayılıb. Orada avadanlıqların çatdırılma yolu ilə satışının həyata keçirildiyi də bildirilir. Paylaşımlara sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bu qurğuların mülki satışını dəstəkləyənlər, sifariş etmək istəyənlərlə yanaşı, bunu həyata keçirənləri qınayanlar da var.
Onu da yada salaq ki, gizli kameraların satışı qanunvericilikdə qadağan edilib. Qanuna görə, dövriyyəsi məhdudlaşdırılmış əşyalardan qanunsuz olaraq istifadə etmə və ya satışını həyata keçirmə cinayət məsuliyyəti yaradır.
Bəs bu kameraların satışı necə təşkil oluna bilər?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, qanunla qadağan edilmiş və dövriyyəsi məhdudlaşdırılmış texniki vasitələr açıq-aşkar bazara çıxarsa, deməli bu mexanizm bir neçə mərhələdən ibarətdir:
“Bu gün sosial şəbəkələr həm də vitrin kimi istifadə olunur. TikTok, İnstagram və Telegram kimi platformalar rəsmi satış kanalı deyil, reklam və müştəri cəlbetmə alətinə çevrilib. Satıcılar məhsulu təhlükəsizlik kamerası, uşaq nəzarət cihazı, ev üçün ağıllı aksesuar adı altında təqdim edir, gizli kamera ifadəsindən açıq şəkildə yayınırlar. Görüntülərdə isə gizli kamera funksiyanı aydın göstərirlər.
Bu yolla həm platformanın filtrindən yayınır, həm də hüquqi məsuliyyəti formal olaraq inkar etməyə çalışırlar. Satışa gəldikdə isə bu platformadan kənarda reallaşır. Əsas hiylə də elə buradadır. TikTok-da yalnız əlaqə yaradılır, sifarişlər WhatsApp, Telegram və ya telefon zəngi ilə qəbul olunur. Ödəniş isə nağd kuryerə verilir, kartdan karta və ya elektron pul kisələri vasitəsilə edilir. Bu isə nə fiskal nəzarətə, nə də real vaxt hüquqi monitorinqə imkan verir.
Bu tip mini-kameralar çox vaxt elektron aksesuar, USB cihaz, məişət elektronikası kimi bəyan olunur deyə gömrükdən rahat şəkildə keçir. Yəni, xüsusi texniki vasitə kimi rəsmiləşdirilmir. Halbuki, Azərbaycan qanunvericiliyinə görə, gizli çəkiliş üçün nəzərdə tutulan avadanlıqlar xüsusi icazə olmadan ölkəyə gətirilə və satıla bilməz. Satıcılar adətən fərdi sahibkar kimi qeydiyyatdan keçmir, səhifələr tez-tez silinib yenidən açılır. Ünvan, hüquqi şəxs, VÖEN kimi məlumatlar təqdim olunmur. Bu da məsuliyyətin konkret şəxs üzərində formalaşmasını çətinləşdirir. Gizli kameraların satışı rəsmi mağazalarda yox, sosial şəbəkə reklamı, qeyri-rəsmi çatdırılma, anonim ödəniş zənciri üzərindən təşkil olunur”.
Natiq Ələsgərov Azərbaycanda gizli kameraların qanunsuz satışı və istifadəsi ilə bağlı cəzaların nəzərdə tutulduğunu da xatırladıb:
“Gizli kameraların quraşdırılmasının cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən, gizli şəkildə informasiya almaq üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz olaraq istehsalı, satışı və ya istifadəsi 2000 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Gizli kameraların qanunsuz satışı və istifadəsi şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır. Vətəndaşlar bu cür cihazların istifadəsindən çəkinməli və hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Azərbaycan qanunvericiliyinə görə, bu cür texniki vasitələrin idxalı və ixracı da məhdudlaşdırılır. Buna görə gömrük və Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz ticarət həm də gömrük qanunvericiliyi pozuntusu kimi dəyərləndirilir”.
Müsahibimiz deyir ki, satış və çatdırılma anonim kanallar vasitəsilə həyata keçirilirsə, məsuliyyət yalnız fiziki şəxslərə deyil, həm də təşkilatlara və onlayn platformalara aid edilə bilər:
“Sosial şəbəkələrdə reklam və sifariş kanalları vasitəsilə bu fəaliyyət baş versə də, hüquqi məsuliyyət tam qüvvədədir və qanun pozuntusu üzə çıxarıldıqda ciddi sanksiyalar tətbiq olunur”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






