Hindistanın baş naziri Narendra Modi Qəzza müharibəsi başlayandan bəri ilk dəfə İsrailə iki günlük səfərə gedib. Səfər hər iki ölkənin müdafiə, texnologiya və ticarət sahələrində əlaqələri gücləndirməyə çalışdığı bir vaxta təsadüf edib.
Bəs Modinin Qəzza müharibəsindən sonra ilk dəfə İsrailə səfəri hansı siyasi mesajı verir?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a deyib ki, Hindistan İsrail silahlarının ən böyük alıcılarından biridir. Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahu Modinin gəlişini tarixi səfər adlandırıb, Modi buna cavab olaraq Hindistanın İsraillə tərəfdaşlığa xüsusi dəyər verdiyini bildirib. Politoloqun fikrincə, Dehli İsraillə yanaşı bölgədə Fələstin dövlətinin mövcudluğunu da dəstəkləyir: “Hindistan 2023-cü ilin oktyabr ayında HƏMAS-ın İsrailə hücumunu pisləmişdi və İsraillə həmrəyliyini ifadə etmişdi. Dehli eyni zamanda, Qəzzada mülki şəxslərin itkisi ilə bağlı narahatlığını bildirmişdi. Modinin İsrailə budəfəki səfəri bölgədə gərgin vaxta təsadüf edib. ABŞ və İsrail İrana zərbə endirməyə hazırlaşırlar. Hindistan isə İsraillə yanaşı İranla da əməkdaşlıq edir. 2024-cü ildə Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıdır. Rusiyadan göndərilən yüklərin Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılması planlaşdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Ancaq İrandakı gərgin vəziyyət və bölgədə müharibə ehtimalı qonşu ölkənin bir sıra layihələrini reallaşmasını sual altında qoyub".

Analitik qeyd edib ki, “Böyük iyirmilərin” 2023-cü ilin sentyabrında Dehlidə keçirilən sammitində ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəlmişdilər. “Ancaq sammitdən bir ay sonra Qəzzada müharibə başladı və həmin layihə arxa plana keçdi. Hazırda Qəzzada sakitlik bərpa olunduğuna görə layihə ətrafında yenidən müzakirələr başlayıb. İsrail bu dəhlizin tərkib hissisəsi olmaq istəyir. Layihəni dəstəkləyən əsas dövlətlərdən biri ABŞ-dır. Layihə Hind-Sakit okean regionunu Yaxın Şərqdən Avropaya birləşdirəcək. Böyük ehtimalla Modi Netanyahu ilə bu layihəni də müzakirə ediblər. Ancaq İrana qarşı müharibə başlayarsa, layihə yenidən arxa plana keçə bilər".
Xalidə Gəray
Musavat.com






