İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının strateji seçimi - xarici bazalarsız təhlükəsizlik

1396 04.03.2026 08:52 Ölkə A A

Ölkəmizdə heç bir dövlətin hərbi bazasının olmaması Azərbaycana imkan verdi ki, İran münaqişəsindən kənarda qalsın

“Azərbaycan dünyada aparıcı "orta güclərdən" biridir və əhəmiyyətli hərbi və iqtisadi potensiala malikdir. Bu da ona digər dövlətlərlə danışıqları özünəinamlı mövqedən aparmağa imkan verir. Onun xarici siyasətinin əsas hərəkətverici qüvvələrindən biri neytrallığa can atmasıdır. Xüsusilə vacib məqam ondan ibarətdir ki, Azərbaycan heç bir ölkəyə və ya bloka onun digər dövlətlər və birliklərlə münasibətləri necə qurmalı olduğunu diktə etməyə imkan vermir. Azərbaycan Qərblə əməkdaşlığı genişləndirən, lakin eyni zamanda Rusiya ilə qarşılıqlı faydalı münasibətləri qoruyan nadir ölkələrdən biridir. İran Fars körfəzi ölkələri və Türkiyə ilə əlaqələri davam etdirir, paralel olaraq Çin və Hindistanla da təmaslarını inkişaf etdirir".

Amerikalı geopolitika üzrə ekspert Nikolas Gvozdevin belə deyib. İran müharibəsi fonunda digər ekspertlər də təsdiqləyir ki, ölkəmizdə heç bir başqa dövlətin hərbi bazasının olmaması Azərbaycana imkan verir ki, münaqişədən kənarda qala bilsin.

Prezidenti İlham Əliyev müsahibələrin birində Azərbaycan ərazisində Türkiyə hərbi bazası məsələsinə də toxunmuşdu. Sitat: “İlham Əliyev Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri saxta məlumat adlandırıb, çünki bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək demək olar ki, mümkün deyil”. Əgər Azərbaycan ərazisində başqa dövlətin hərbi bazası yerləşsəydi, İran müharibəsi fonunda ölkənin geosiyasi vəziyyəti indiki kimi rahat və balanslı olmazdı. Xarici baza yerləşən ölkə faktiki olaraq həmin dövlətin hərbi-strateji sisteminin bir hissəsinə çevrilir. Məsələn, baza sahibi dövlət müharibəyə girərsə, onun obyektləri də potensial hədəf sayılır. Bu isə o deməkdir ki, Azərbaycan ərazisi də rəqib tərəfin legitim hədəfi kimi qiymətləndirilə bilərdi - istər bu tərəf İran olsun, istərsə də başqa regional güc. İran müharibəsi kimi gərginlik fonunda Azərbaycan böyük ehtimalla daha həssas vəziyyətdə olardı - həm hərbi risk baxımından, həm də diplomatik balans baxımından. Mövcud şəraitdə bazaların olmaması ölkəyə strateji neytrallıq və çevik xarici siyasət üstünlüyü verir.

Jurnalist Səxavət Məmməd azadlığa buraxıldı | Modern.az

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd “Yeni Müsavat”a dedi ki, Azərbaycanın son onilliklərdə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm nailiyyəti onun tam müstəqil qərarvermə qabiliyyətidir: “Bu gün regionda və dünyada baş verən gərgin proseslər, xüsusilə yaxın qonşuluğumuzda alovlanan müharibə ocaqları fonunda ölkəmizin hərbi-siyasi sığortası məhz seçdiyimiz "strateji neytrallıq" modelidir. Bu modelin mərkəzində isə bir fundamental reallıq dayanır: Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi bazası yerləşmir.

Bəzi siyasi dairələrdə, hətta azərbaycanlı ekspertlərin dilindən və mediada vaxtaşırı olaraq Azərbaycanda hansısa xarici hərbi kontingentin yerləşdirilməsi ilə bağlı spekulyasiyalar ortaya atılır. Ancaq bu iddiaların heç bir real əsası yoxdur. Çünki müasir hərbi-strateji nizamda xarici hərbi bazaya ev sahibliyi etmək, faktiki olaraq həmin dövlətin hərbi hədəflərini və risklərini paylaşmaq deməkdir. Biz bunun bariz nümunələrini İran - ABŞ və İsrail birliyi arasında gedən müharibədə görürük. Azərbaycan Türkiyə ilə strateji müttəfiq olsa belə, öz ərazisində Türkiyə hərbi bazasının olmasını istəmir. Müasir müharibələr də göstərir ki, bu ən doğru addımdır.

Əgər bu gün Azərbaycan ərazisində hər hansı bir dövlətin bazası olsaydı, ölkəmiz qonşu regionlardakı (məsələn, İran ətrafındakı gərginlikdə) qarşıdurmaların birbaşa tərəfinə çevrilərdi. Hərbi strategiya qanunlarına görə, baza sahibi olan dövlət müharibəyə girərsə, onun bütün dünyadakı obyektləri rəqib tərəf üçün “legitim hədəf” sayılır. Belə bir vəziyyət Azərbaycanın suveren ərazisini başqalarının müharibə poliqonuna çevirə bilərdi. Bizim hərbi bazalardan imtina etməyimiz əslində ölkəmizin üzərinə yönələ biləcək raketləri və təhdidləri hələ sərhəddən kənarda dayandıran görünməz bir qalxandır.

Azərbaycan “orta güc” statusunda olan nadir dövlətlərdəndir ki, həm Rusiya, həm Qərb, həm də İslam dünyası ilə balanslı, qarşılıqlı faydalı münasibətlər qura bilir. Bu balansın qorunması üçün hərbi bitərəflik əvəzedilməzdir. Biz heç bir hərbi blokun forpostu deyilik və heç bir güc mərkəzinə öz ərazimizdən digərinə qarşı platsdarm kimi istifadə etməyə imkan vermirik. Bu mövqe bizə imkan verir ki, Qərblə enerji, Türkiyə ilə müttəfiqlik, Rusiya və İranla mehriban qonşuluq siyasətini eyni anda yürüdə bilirik. Azərbaycan öz ordusunu ən müasir standartlara çatdıraraq sübut etdi ki, ərazisini qorumaq üçün kənar qüvvəyə ehtiyacı yoxdur".

Qərb İranın dini hakimiyyətini hədəfə alıb”

 Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycan tərəfinin bir daha ən doğru siyasət yürütdüyünün sübut olunduğunu söylədi:  “Azərbaycan təhlükəsizlik arxitekturasının quruculuğunda ölkədə xarici hərbi bazaların yerləşdirilməməsi prinsipini seçib.  Bu, bloklara qoşulmadan çoxvektorlu strateji tərəfdaşlıqları inkişaf etdirməyə imkan verir. Başqa sözlə, bu, Azərbaycanın qlobal və ya regional böhranlı vəziyyətlərdə siyasi manevr imkanlarını, o cümlədən sabitliyini artıran faktor olaraq çıxış edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları ölkədən çıxarıldı. 2012-ci ildən isə Rusiyanın Qəbələ RLS-i icarəyə götürməsinə dair müqavilə sona çatdı və yenilənmədi. 2011-ci ildən ölkəmiz rəsmi olaraq Qoşulmama Hərəkatının üzvüdür və 2019-2023-cü illərdə təşkilatın sədrliyini uğurla həyata keçirib. Bu platforma ölkənin hərbi bloklara qoşulmama siyasətini daha da legitimləşdirir. 2020-ci ildən sonra Qarabağa yerləşdirilən rus sülhməramlıları belə vaxtından tez ölkədən çıxarıldı. Bütün bunların fonunda NATO ilə PfP (Partnership for Peace) - Sülh naminə Tərəfdaşlıq proqramı, Türkiyə ilə Şuşa Bəyannaməsindən və qardaşlıq münasibətlərindən irəli gələn hərbi-strateji tərəfdaşlıq, Rusiya ilə müttəfiqlik, İranla sərhəd təhlükəsizliyinə və regional nəqliyyat-kommunikasiyaların təşkilinə dair əməkdaşlıq daha neytral, tərəfsiz, qarşılıqlı maraqlara əsaslanan, xüsusilə də suverenliyin qorunması prinsipini əsas alan bir əməkdaşlıq modeli hesab olunur. ABŞ və İsrailin hücumları fonunda İranın Yaxın Şərqdə ABŞ-ın regional hərbi bazalarına hücumları Azərbaycanın yürütdüyü siyasətin nə qədər düzgün olduğunu və uzaqgörənliklə hesablandığını bir daha sübut edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR