Hazırda Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada artan münaqişələr və humanitar böhranlar fonunda effektivlik baxımından ciddi sınaq qarşısındadır. Məhz bu səbəblərdən ABŞ artıq təşkilatın bir sıra strukturlarından çıxıb və həmin qurumların maliyyələşdirilməsini dayandırıb.
BMT Nizamnaməsində təsbit olunmuş, beynəlxalq sülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərin suveren bərabərliyi prinsiplərinin praktikada pozulması da təşkilata olan etimadı ciddi şəkildə sarsıdıb. Eyni zamanda, dünyanın müxtəlif regionlarında davam edən silahlı toqquşmalar, o cümlədən Qəzza zolağında baş verən məlum hadisələr və Rusiya-Ukrayna müharibəsi mövcud mexanizmlərin çevik və nəticəyönümlü qərarlar qəbul etmək qabiliyyətinin məhdud olduğunu nümayiş etdirir.
Məhz bu kontekstdə ABŞ administrasiyası tərəfindən irəli sürülən “Sülh Şurası” təşəbbüsü qlobal idarəetmədə yeni yanaşma kimi qiymətləndirilir. Azərbaycanın bu təşəbbüsə yaradıcı üzv qismində qoşulması ölkənin artan beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyada fəal rolunun göstəricisi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qurumun Vaşinqtonda keçirilən ilk iclasında iştirakı isə Azərbaycanın qlobal sülh gündəliyində yer aldığını təsdiqləyir.
“Sülh Şurası” təşəbbüsü yalnız mövcud beynəlxalq mexanizmlərə alternativ axtarışı deyil, həm də yeni geosiyasi reallıqlar fonunda məsuliyyətli və çevik əməkdaşlıq modelinin formalaşdırılması cəhdi kimi qəbul olunur. Azərbaycanın bu prosesdə tutduğu mövqe isə milli maraqlara, regional prioritetlərə və qlobal sabitliyə töhfə vermək prinsipinə əsaslanır...

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a dedi ki, müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir və bu dəyişikliklər qlobal sülh və təhlükəsizlik arxitekturasına ciddi çağırışlar gətirir:
“BMT kimi ənənəvi qurumlar həqiqətən də artan münaqişə və humanitar böhranlar fonunda kritik sınaqla üzləşib. ABŞ administrasiyasının bəzi BMT strukturlarından çıxması və maliyyələşdirməni dayandırması, bu institutlara olan etimadın zəiflədiyini açıq şəkildə göstərir. Praktikada BMT-nin sülhün qorunması və münaqişələrin dinc yolla həlli prinsiplərinə əməl edilməməsi isə beynəlxalq ictimaiyyətin alternativ mexanizmlərə yönəlməsini sürətləndirir”.
Politoloqa görə, belə vəziyyət, qlobal idarəetmədə yeni yanaşmaların zəruriliyini ortaya qoyur, çoxtərəfli, lakin çevik platformaların formalaşdırılmasını şərtləndirir:
“Elə bu səbəbdən ABŞ administrasiyası tərəfindən irəli sürülmüş “Sülh Şurası” təşəbbüsü xüsusi önəm daşıyır. Azərbaycanın bu təşəbbüsə yaradıcı üzv olaraq iştirakı isə bir neçə aspektdə əhəmiyyətlidir. Ondan başlayaq ki, bu iştirak ölkəmizin platformanın strukturunda, qərar qəbuletmə mexanizmlərində və humanitar layihələrin planlaşdırılmasında aktiv rol oynamasına geniş imkanlar açır. Bu isə Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq sahəsində öz mövqeyini gücləndirməsinə xidmət edir. Həmçinin, ölkəmizin postmünaqişə idarəçiliyi və humanitar təcrübəsi, xüsusilə Qarabağın bərpası kontekstində digər iştirakçı dövlətlər üçün faydalı model təqdim edir. Bu cür bilik və təcrübə paylaşımı Azərbaycanın həm regional, həm də qlobal diplomatik çəkisini artırır.
Digər tərəfdən, bu addım ölkəmizin beynəlxalq nüfuzunun artmasına da birbaşa təsir edir. Platformada fəal rol, ölkənin yalnız enerji və iqtisadi resursları ilə deyil, diplomatik və humanitar sahələrdə də etibarlı tərəfdaş olduğunu göstərir. Bu da öz növbəsində Azərbaycanın qlobal səviyyədə tanınmasını gücləndirir və beynəlxalq platformalarda iştirak imkanlarını genişləndirir. Eyni zamanda, başqa dövlətlər üçün Azərbaycanın mövqeyi nümunəvi model kimi təqdim olunur və ölkə üçün yeni dialoq və əməkdaşlıq kanalları açılır”.
Cavanşir ABBASLI,
Musavat.com






