2025-ci ilin dekabrında Almaniyanın Die Welt qəzeti və Almaniya Silahlı Qüvvələri Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi Oyunlar Mərkəzi tərəfindən keçirilən rol oyunu NATO üçün son dərəcə narahatedici nəticələr ortaya qoyub. Musavat.com xəbər verir ki, təlim çərçivəsində Rusiyanın NATO ərazisinə mümkün hücumu ssenarisi modelləşdirilib.
Rol oyununda Almaniya və NATO-nun keçmiş yüksək vəzifəli rəsmiləri, eləcə də təhlükəsizlik üzrə ekspertlər daxil olmaqla ümumilikdə 16 nəfər iştirak edib. Ssenariyə əsasən, Rusiya Baltik istiqamətində sürətli, məhdud və hibrid xarakterli əməliyyata başlayaraq Litvanın Mariyampole şəhərini ələ keçirib.
Təlimin nəticələrinə görə, Rusiya qüvvələri üç gün ərzində NATO ərazisində faktiki olaraq heç bir ciddi müqavimətlə üzləşməyib. Əməliyyat zamanı pilotsuz uçuş aparatlarından geniş istifadə olunub, yollar məsafədən minalanıb və bu, NATO bölmələrinin hərəkətini iflic edib. Polşalı təhlükəsizlik analitikinin sözlərinə görə, Rusiya əsas məqsədlərinə çox sayda canlı qüvvə və texnika yeritmədən nail olub.
Ssenaridə ən diqqətçəkən məqam ABŞ-ın mövqeyi olub. Şərti olaraq ABŞ NATO-nun kollektiv müdafiə mexanizmi olan 5-ci maddənin tətbiqinə getməyib. Almaniyanı təmsil edən qrup qərarsızlıq nümayiş etdirib, Litvada artıq yerləşdirilmiş Almaniya briqadası isə əməli müdaxilə etməyib.
Polşa hərbi səfərbərlik elan etsə də, Litva sərhədini keçməkdən çəkinib. Nəticədə alyans daxilində siyasi iradə və koordinasiya çatışmazlığı Rusiyanın “səssiz işğal” modelinin uğurlu alınmasına şərait yaradıb.
Musavat.com






