Biz niyə problemlərimizi həll edəndə sağ əlimizlə sol qulağımızı qaşımaq kimi bir çıxış yolu tapırıq? Niyə başı ağrıyanın başını kəsmək, dişi azacıq sızlayanın dişlərini söküb yerinə implant əkirik? Problemlərin həlli nəyə görə belə radikal üsullardan keçir? Məsələn, aylardır, illərdir ki, Bakı-Sumqayıt yolu ağlar gündədir. Xüsusən də yolun Bakı-Xırdalan-Masazır hissəsini keçmək təxminən Berlin divarlarını aşmağa bənzəyir. Razıyam, bir qədər enli yoldur, az-çox manevr etmək olur. Amma tıxac problemini həll etmək üçün ora da avtobus zolağı çəkdilər. Halbuki Xırdalana-Masazıra-Sumqayıta gedən əksər avtobuslar həmin yoldan yox, aşağıdan, metronun Avtovağzal stansiyasının qarşısından keçir, ordan sərnişin toplayırlar. Gəlin birlikdə gedək o zolaq boyu yarım saat boyunca monitorinq keçirək. Görək yarım saatda ordan neçə avtobus keçəcək?
Mən ictimai nəqliyyatın fəaliyyətinə şərait yaradılmasının lehinəyəm. Hətta o qədər lehinəyəm ki, ictimai nəqliyyatımız çatımlı və sürətli olsa, sürücülərin 50 faizinin öz maşınlarından imtina edib, ictimai nəqliyyatdan istifadə edəcəyinə əminəm – başda özüm olmaq şərtilə. Cərimə, parkinq, polis, qəza, tıxac təlaşı yox, rahat oturursan yerində, kitabını oxuya-oxuya, telefonunda oynaya-oynaya mənzil başına çatırsan. Cənnət kimi! Amma bu günə qədər edilənlər çarə adına edilən çarəsizliklərdir axı. Avtobus zolağı büdcəyə daha çox cərimənin gəlməsi üçün sadəcə bir tələdir – kimi aldadırsız, biz bəyəm bunu bilmirik? Nə ictimai nəqliyyatdan, nə də şəxsi avtomobilindən istifadə edənlər mənzil başına vaxtında çata bilir. İndi də nəqliyyatda az qala “cəhənnəmin ortası” adlandırılan Bakı-Sumqayıt yolundakı bu zolaq hansı dərdə çarədir axı?
Son bir ildə sürücülər elə bir çıxmaza salınıb ki, kompüter oyunlarındakı kimi hər saniyə “yanmaq” riski ilə üzbəüzdür. Hər addımbaşı cərimə tələsi, tıxac bəlası, qəza təhlükəsi... Yay boyu Binəqədi yolunun əhəmiyyətli hissəsi təmirli vəziyyətdə qaldı. O təmir hələ də davam edir. Nəyi qazırlar, nə axtarırlar, bəlli deyil. Yekə-yekə maşınlar yolu kəsdi, bağa gedənlər saatlarla tıxacda qaldı. Adı isə o oldu ki, bəs yollar düzəldilir. Körpü çəkmək yox, yolların genişləndirilməsi yox, tıxacdan xilas olmaq üçün yeni çıxış yolları tapmaq isə heç yox... Sadəcə, cərimə ilə qorxutmaq, hürkütmək, daha çox stress. Ortada isə qosqoca bir həll olunmamış və miqyası genişlənməkdə olan tıxac problemi...
Təhsildə də vəziyyət eynidir. Elm və təhsil nazirimiz bu günlərdə dedi ki, uşaqların və müəllimlərin məktəbə daha çox bağlılığını, təhsilin də keyfiyyətini artırmaq üçün sertifikasiyadan keçən müəllimlərə səhər saat 8-dən axşam saat 6-ya qədər məktəbdə oturmaq təklif olunacaq, onlara daha yüksək məvacib veriləcək, beləcə repetitorluqla məşğul olmayacaqlar. Hə, lap yaxşı, məvaciblər artacaq. Amma bunun təhsilimizə, uşaqların savadlılıq dərəcəsinə, ali məktəbə qəbul olma şanslarına nə kimi təsiri olacaq? Heç nə! Məktəbdə saat 6-ya qədər oturan müəllim bizim uşaqlarımızla əlavə, pulsuz məşğul olacaqmı? Yox. Çünki onun belə bir öhdəliyi yoxdur. O məktəblərdə yenə dərsdən sonra hansısa kabinetdə uşaq hazırlayacaqmı? Əlbəttə. O zaman bu dəyişikliyin məqsədi nədir?
Ya da... Günlərdir bazarda mal və qoyun ətinin qiyməti kəllə-çarxa qalıb. İnsanlar az qala qramla alırlar əti. Bundan başqa, Bakıda bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) deyiblər ki, ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhərində fəaliyyət göstərən "Kəngərli" firmasına məxsus bazarda monitorinq keçirilib. Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb. Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
İndi çoxu özünə təsəlli verir ki, əslində at əti qədim türklərin menyusunda olub, qəti qorxusu yoxdur. Bir başqası, kafe-restoran yeməklərinə embarqo qoyub. Çünki mənşəyi bilinməyin ətlər daha çox bu məkanlarda servis edilir. Amma fakt budur ki, regionlardan gələn mal-qoyun ətinin azlığı da real bir durumdu. Örüş yerləri yox, mal-qara qidası baha... Bir az keçsə, süni, əlavə qatqılarla dolu olan ət məhsulları yeməyə məcbur olacağıq. Çarə isə... sən demə, ətin qiymətini artırmaqmış. Fikir verirsizmi, ətin qiyməti bahalaşdıqca, həmin baha ətin daha etibarlı, təhlükəsiz olması ilə bağlı təəssürat yaradılır. Toya gedirik – menyudakı ət yeməklərinin tərkibindən xəbərimiz yox. Kafe-restoran, kasıb təbəqənin üz tutduğu dönərxanalar şübhə mənbəyi... Ayda-ildə bir dəfə keçirilən yoxlamalar da çıxış yolu deyil. İndi də ortaya “professional” həkimləri çıxarıblar ki, bəs ət yemək insanı qocaldır, az yeyin... İllər öncə şanlı eks-baş nazirimiz Artur Rasizadə demişkən, xiyar bahadırsa, qışda xiyar turşusu yeyin, yayda tər xiyar...
Yuxarıda yazdım axı. Biz baş ağrısını başı kəsmək, sağ qulağımız qaşınanda sol əlimizi hərəkətə keçirən camaatıq. Ona görə də bu günümüzə şükür... Elnən gələn dərd toy-bayram olur. Pis günün ömrü az olar... Allah dağına görə qar verir... Və bunun kimi əzbərlədiyimiz bir neçə el misalı... Əzbərləyin, təkrarlayın, yaşayın!






