Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı təzyiq ritorikasını davam etdirərək bu ölkə istiqamətində hərbi dəniz qüvvələrinin sayının artırıldığını açıqlayıb.
Ağ Evdə jurnalistlərə danışan ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hazırda faktiki olaraq İrana doğru daha çox hərbi gəmi göndərir. Onun sözlərinə görə, əsas məqsəd razılaşmaya nail olmaqdır:
“Hazırda İrana daha çox sayda gəmi istiqamətləndiririk. Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Əgər razılaşsaq, bu yaxşı olacaq. Əgər yox, onda baxarıq, nə olacaq”.
Mediada yayılan məlumatlara görə, ABŞ tərəfi İrana bir sıra sərt tələblər irəli sürüb. Bu tələblər əsasən İranın nüvə proqramı və raket potensialı ilə bağlıdır. Bildirilir ki, Tehran həmin şərtlərlə razılaşmaq niyyətində deyil və tərəflər arasında mövqe fərqləri qalmaqdadır.
Qeyd edək ki, son dövrlər ABŞ-İran münasibətlərində gərginliyin yenidən artması bölgədə təhlükəsizlik risklərini yüksəldib və Vaşinqtonun hərbi aktivliyinin artması diqqətlə izlənilir.
Musavat.com






