Dünya tarixinin ən böyük imperatorlarından biri olan Çingizxanın sərkərdələrinin 1223-cü ildə qazandığı qələbə 800 il sonra Moskvada siyasi hadisəyə çevrilib. İnanılmazdır, amma reallıqdır. Üstəlik Çingizxanın qələbəsinin əks olunduğu tabloya görə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Damir Muhyettinov 150 min rubl məbləğində cərimələnib.
Musavat.com xəbər verir ki, qərarı Moskva şəhər məhkəməsi verib. Damir Muhyettinov “vicdan azadlığı, dini etiqad azadlığı və dini birliklər haqqında qanunvericiliyin pozulması” maddəsi ilə suçlu bilinib. İşin mərkəzində isə ilk baxışda dodaq qaçıran, məhkəmə predmeti olmaqdan çox, muzey və ya tarix dərsliyi mövzusu olan bir sənət əsəri dayanır.
Məsələ burasındadır ki, Damir Muhyettinovun Rusiya Müsəlmanları Ruhani İdarəsindəki kabinetinin divarında tarixi motivlər əsasında çəkilmiş Çingizxanın sərkərdələri Cəbə və Subutayın rəhbərliyi ilə 1223-cü il Kalka döyüşündə birləşmiş rus ordusu üzərində qələbədən sonra monqol ordusunun ziyafəti əks olunan rəsm əsəri asılıb. Damir Muhyettinov 2025-ci ilin fevralında “Tatar-inform” agentliyinə müsahibə verib və o zamanı bu tablo kadrda görünüb. Bundan sonra məsələ ictimai və siyasi rezonans qazanıb. Rusiya ictimai məkanında xüsusilə həssas olan tarixi monqol-tatar dövrü, rus knyazlıqları və orta əsrlər savaşları yenidən gündəmə gəlib. Rəsmi çevrələr və ictimai şərhçilər tablonun “tarixi qruplar arasında düşmənçilik hissi yarada biləcəyi” iddiasını irəli sürüblər.
Moskva Dövlət Linqvistik Universitetinin ekspertizasının rəyinə əsasən, əsər etnik və ya dini mənsubiyyətə görə qruplar haqqında neqativ münasibət formalaşdıra biləcək hesab edilib. Rəsm əsərində təsvir olunan səhnə 800 il öncə, 1223-cü ildə Kalka döyüşündən sonra monqol sərkərdələrinin ziyafətini əks etdirir. Tarixşünaslıqda mübahisəli, lakin geniş qəbul edilmiş hərbi epizodlardan biridir. Moskva hüquq-mühafizə orqanları bu təsviri estetik və ya tarixi deyil, ictimai təsir yaradan mesaj kimi qiymətləndirir. Bu isə Rusiyada son illərdə daha tez-tez müşahidə olunan tarixi simvolların və mədəni obrazların hüquqi çərçivəyə salınması tendensiyanın davamı kimi qəbul olunur. Hadisə Rusiyada etnik və dini münasibətlərin həssas balansı fonunda baş verir. Xüsusilə Tatarıstan və digər müsəlman bölgələri ilə mərkəzi hakimiyyət arasında mədəni yaddaş və tarixi interpretasiya məsələləri vaxtaşırı gərginlik yaradır. Bəzi müşahidəçilər isə hesab edir ki, belə qərarlar mədəni və dini qurumların ictimai kommunikasiya sərhədlərini daha da daralda bilər. Beləliklə, 800 ildən artıq əvvəl baş vermiş bir döyüş səhnəsinin təsvir olunduğu rəsm əsəri XXI əsrin Rusiyasında məhkəmə mübahisəsinə çevrilib.
Maraqlıdır ki, söhbət nə siyasi çağırışdan, nə dini təbliğatdan, nə də müasir qarşıdurmadan gedir. Məhkəmənin diqqət mərkəzində sadəcə tarixi hadisəni əks etdirən bir tablo dayanır.
Bu isə Rusiyada tarixə münasibətin getdikcə daha həssas və bəzən paradoksal xarakter aldığını göstərir. Çingizxanın sərkərdələrinin 1223-cü ildə qazandığı qələbənin 2026-cı ildə məhkəmə qərarına səbəb olması, tarixi hadisələrin bu gün də siyasi və ideoloji mübarizənin predmetinə çevrildiyini nümayiş etdirir. Aydın olmayan budur ki, Moskva tarixi öyrənməyə çalışır, yoxsa tarixlə mübarizə aparır?
E.Məmmədəliyev,
Musavat.com






