İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraq havaya qalxdı, tarix dəyişdi-Dünya çempionatlarının ən taleyüklü hakim qərarları...  

663 01.07.2026 16:28 İdman A A

Hazırda dünyada müzakirə edilən əsas mövzular sırasında Amerika, Meksika və Kanadada təşkil edilən Dünya Çempionatı-2026 öndə gəlir. Artıq bu mundialda da bir sıra hakim qərarları olub ki, ciddi şəkildə narazılıq yaradıb, mübahisə predimetinə çevrilib. Məsələn, İran millisinə qarşı göstərilən münasibət, edilən təzyiqlər, Almaniya və İranın son saniyələrdə qeydə alınmayan qolları, bu səbəbdən turnirdən vidalaşmalar və.s...

Bir sözlə futbol tarixində elə qərarlar var ki, onların təsiri bir oyunun nəticəsi ilə məhdudlaşmayıb. Bəzən bir hakim fiti, bir qolun qeydə alınıb-alınmaması, bir penalti və ya bir qırmızı vərəqə dünya çempionatının taleyini, hətta futbolun inkişaf istiqamətini dəyişdirib. Dünya çempionatları təkcə möhtəşəm qolların, rekordların və sensasiyaların deyil, həm də illərlə müzakirə olunan hakim qərarlarının tarixidir. Məhz bu mübahisələr nəticəsində futbol qaydaları yenilənib, texnologiyalar tətbiq olunub və nəhayət, VAR sistemi meydana gəlib.

Azərbaycanlı əfsanəvi hakim Tofiq Bəhramovun adı ilə başlayan bu tarixi yol bu gün süni intellekt və yarıavtomatik ofsayd texnologiyasının tətbiq olunduğu yeni mərhələyə çatıb.

Hazırda İngiltərə yığması hər oyuna çıxanda futbolsevərlər 60 il öncəki tarixə ekskursiya edirlər. O zaman Tofiq Bəhramovun əsas deyil, yan xətt hakimi ola-ola verdiyi bir qərar futbol tarixini dəyişdi. Həmin dünya çempionatının finalı ən çox müzakirə olunan oyunlardan biridir. Londonun “Uembli” stadionu və İngiltərə və Almaniya milliləri qarşılaşır. Əlavə vaxtda hesab 2:2 olarkən ingilis hücumçu Ceff Hörst qapıya zərbə endirdi. Top dirəyə dəyərək yerə düşdü və meydandan çıxdı. Əsas hakim Qotfrid Dinst tərəddüd etsə də, qərarı yan xətt hakimi Tofiq Bəhramov verdi. Azərbaycanlı hakim topun qapı xəttini tam keçdiyini göstərdi və qol qeydə alındı. İngiltərə oyunu 4:2 hesabı ilə qazandı və tarixində ilk, hələlik isə yeganə dünya çempionluğunu əldə etdi. Bu qərar üzərindən altmış ilə yaxın vaxt keçməsinə baxmayaraq, Almaniyada hələ də mübahisə mövzusu olaraq qalır. İngiltərədə isə Tofiq Bəhramov futbol tarixinin ən tanınmış hakimlərindən biri kimi qəbul edilir. Bakıda yerləşən Respublika Stadionuna məhz onun adının verilməsi də təsadüfi deyil.

1986-cı il dünya çempionatı da bir hadisə ilə daha çox xatırlanır. O zaman mundialın dörddəbir finalında Argentina ilə İngiltərə üz-üzə gəlmişdi. Dieqo Maradona topa əli ilə toxunaraq qol vurdu. Tunisli hakim Əli Bin Nasser və yan xətt hakimi qayda pozuntusunu görmədilər. Qol qüvvədə sayıldı.

Maradona isə sonradan həmin məşhur ifadəsini işlətmişdi: “Bu, bir az Maradonanın başı, bir az da “Tanrının əli” idi”.

Həmin oyunda Maradona daha sonra futbol tarixinin ən gözəl qollarından birini vuraraq Argentinanı yarımfinala çıxardı. Bu hadisə onilliklər ərzində VAR sisteminin tətbiqinin vacibliyini göstərən əsas nümunələrdən biri kimi xatırlandı.

2002-ci il yarışı isə, Türkiyənin “qızıl qol”u ilə tarixə keçib. Belə ki, turnirin dörddəbir finalında Türkiyə ilə Seneqal qarşılaşırdı. Əlavə vaxtda İlhan Mansız “qızıl qol” vuraraq Türkiyəni yarımfinala çıxardı. Həmin dövrdə qüvvədə olan “Qızıl qol” qaydasına əsasən oyun dərhal başa çatdı. Sonralar FİFA bu qaydanı ləğv etdi. Beləliklə, hakimlərin tətbiq etdiyi oyun qaydalarının özü də futbol tarixinin dəyişməsinə səbəb oldu.

2010-cu il dünya çempionatına gələk, Almaniya və İngiltərə yenidən qarşılaşır. Frank Lampardın zərbəsindən sonra top qapı xəttini aşsa da, hakimlər bunu görmədilər. Qol qeydə alınmadı. İngiltərə azarkeşləri həmin epizodu illərlə 1966-cı ilin “Tofiq Bəhramov qərarı”nın əksi kimi qiymətləndirdilər. Məhz bu hadisədən sonra FİFA qapı xətti texnologiyasının tətbiqini sürətləndirdi.

Luis Suaresin əli Uruqvayı necə xilas etdi?

2010-cu ilin mundialı daha bir olayla xatırlanır. Dörddəbir finalında Uruqvay və Qana qarşılaşırdı. Son saniyələrdə qanalı futbolçunun qolu qapıya daxil olmaq üzrə olarkən Luis Suares topu qəsdən əli ilə çıxardı. Hakim penalti təyin etdi və Suaresi qırmızı vərəqə ilə meydandan qovdu. Lakin Asamoa Gyan penalti zərbəsini qaçırdı. Uruqvay penaltilər seriyasında qalib gəldi. Afrika futbol tarixinin ən böyük fürsətlərindən biri məhz həmin hakim qərarından sonra əldən çıxdı.

2018-ci il Rusiyada keçirilən dünya çempionatında ilk dəfə VAR sistemi tam tətbiq edildi. Artıq hakimlər mübahisəli epizodları monitor vasitəsilə yenidən izləmək imkanı qazandılar. Turnirdə bir neçə penalti qərarı məhz VAR-ın köməyi ilə dəyişdirildi. Neymarın Meksikaya qarşı oyunda cərimə meydançasında yerdə qalması əvvəlcə penalti kimi qiymətləndirilsə də, videobaxışdan sonra qərar ləğv edildi. Bu, VAR sisteminin dünya çempionatında ən çox müzakirə olunan qərarlarından biri idi.

2022-ci il Qətər mundialı isə, futbol texnologiyalarında yeni mərhələnin başlanğıcı oldu. İlk dəfə yarıavtomatik ofsayd sistemi tətbiq edildi. Topun daxilində yerləşdirilən sensorlar və stadionun müxtəlif nöqtələrində quraşdırılmış kameralar saniyələr ərzində ofsaydı müəyyən edə bilirdi. Hakim səhvlərinin sayı minimuma endirildi.

Hazırda ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı hakim texnologiyalarının ən inkişaf etmiş versiyasını təqdim edir. Belə ki, VAR sistemi artıq süni intellekt alqoritmləri, inkişaf etdirilmiş yarıavtomatik ofsayd texnologiyası və çoxsaylı yüksək sürətli kameralarla birlikdə işləyir. Mübahisəli epizodların qiymətləndirilməsi əvvəlki mundiallarla müqayisədə daha sürətli həyata keçirilir. Hakim qərarlarının şəffaflığını artırmaq məqsədilə stadion ekranlarında və televiziya yayımında VAR yoxlamalarının səbəbləri də izah olunur.

Bir sözlə, əgər 1966-cı ildə Tofiq Bəhramovun qərarı olmasaydı, bəlkə də İngiltərə dünya çempionu olmayacaqdı.

Eyni zamanda, 1986-cı ildə Maradonanın əli görünsəydi, bəlkə də “Tanrının əli” ifadəsi heç vaxt yaranmayacaqdı.

Həmçinin 2010-cu ildə Lampardın qolu qeydə alınsaydı, bəlkə də qapı xətti texnologiyası bu qədər sürətlə tətbiq edilməyəcəkdi.

Bütün bunlar bir daha göstərir ki, futbol tarixini yalnız böyük futbolçular deyil, bəzən bir hakim fiti, bir bayraq işarəsi və ya bir neçə saniyəlik qərar da yazır.

Bu gün VAR sistemi milyonlarla azarkeş üçün ədalətin rəmzi kimi təqdim olunsa da, futbol romantikləri hesab edirlər ki, mübahisəli qərarlar oyunun emosiyasının ayrılmaz hissəsidir. Lakin bir həqiqət dəyişmir ki, dünya çempionatlarının tarixində Tofiq Bəhramovun qaldırdığı bayraqdan başlayan yol bu gün süni intellektlə dəstəklənən hakimlik sisteminə qədər uzanır və bu yol futbolun daim dəyişən, inkişaf edən canlı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.

Cavanşir Abbaslı

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR