Belçikanın Baş naziri Bart De Vever ölkə tərəfindən qoyulan üç şərt yerinə yetirilərsə, dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün kreditlərə çevrilə biləcəyini elan edib.
Musavat.com xəbər verir ki, məlumatı Süddeutsche Zeitung qəzeti baş nazirin Avropa Komissiyasının prezidenti Fon der Lyayenə göndərdiyi məktuba əsasən yayıb.
Qəzetin məlumatına görə, De Vever Aİ ölkələrindən Euroclear şirkətinə potensial itkiləri ödəmək üçün Belçikaya "hüquqi cəhətdən məcburi, qeyd-şərtsiz və geri qaytarılmaz" zəmanətlər vermələrini tələb edib. O, həmçinin mübahisələrin həlli prosedurları ilə bağlı bütün risklərin Aİ tərəfdaşları arasında bölüşdürülməsini müdafiə edib. Qəzetin məlumatına görə, üçüncü şərt, Rusiya dövlət aktivlərinə sahib olan bütün Aİ üzv dövlətlərinin proqramda iştirak etməsidir.
Aİ ölkələri Ukraynaya verilən kreditlər də daxil olmaqla, dondurulmuş Rusiya aktivlərindən istifadə üçün hüquqi mexanizmlər hazırlamağa çalışırlar. Bu aktivlərin əksəriyyəti - 200 milyard avrodan bir qədər çox - Belçikadakı Euroclear platformasında bloklanıb. Depozitar dəfələrlə bu vəsaitlərin müsadirəsinə qarşı çıxıb və bunun Rusiyanın dünyanın digər yerlərində Avropa və ya Belçika aktivlərini məhkəmə yolu ilə ələ keçirməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Lakin Avropa Komissiyası yaxın günlərdə həmin vəsaitlərin Ukraynaya yönəldilməsi üçün mexanizm açıqlamağa hazırlaşır.
Musavat.com






