İnsanlara hürriyət, millətlərə istiqlal!

“Belə görüşlər tərəfləri real sülhə daha da yaxınlaşdırır” - SON DƏQİQƏ AÇIQLAMALARI

816 04.02.2026 13:45 Siyasət A A

Xəbər verildiyi kimi, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, belə görüşlər tərəfləri real sülhə daha da yaxınlaşdırır:

“Sülh müqaviləsi layihəsi paraflanıb, tərəflər vaxtaşırı görüş keçirərək müqavilənin imzalanmasını yaxınlaşdırmaq üçün müzakirələr aparırlar. Azərbaycan tərəfinin mövqeyi birmənalı və aydındır. Biz Ermənistanla yaxşı, mehriban qonşuluq münasibətləri qurmaq istəyirik. Azərbaycan bunun üçün həmişə müvafiq addımlar atır. Baxmayaraq ki, ikitərəfli əlaqələrimiz yoxdur, amma Azərbaycan öz ərazisindən Ermənistana yük qatarlarının keçməsinə şərait yaradıb, Ermənistana onun daxili bazarında yanacağın qiymətinə müsbət təsir edəcək yanacaq göndərib və sair. Bu baxımdan Ermənistan öz konstitusiyasından Azərbaycan ərazisinə iddia müddəasını götürərsə, sülh müqaviləsinin imzalanması üçün hər hansı bir problem qalmayacaq.

350823.jpg (64 KB)

Ümid etmək istərdik ki, Əbu-Dabi görüşü Ermənistan tərəfinin təkcə sözdə deyil, eyni zamanda real işdə sülhə bağlılığını göstərəcək. Belə görüşlərin keçirilməsi müsbət haldır. Azərbaycan iki ölkə arasında sülhün olması üçün öz tərəfindən layiqli addımlar atıb”.

Deputat qeyd edib ki, görüşdə əldə edilən yeniliklərdən biri vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin genişləndirilməsinə dəstək vermək barəsində razılıqdır:

“Bu o deməkdir ki, QHT-lər, yaradıcı təşkilatlar, mədəniyyət, elm xadimləri arasında görüşlərin keçirilməsi, müzakirələrin aparılması artıq mümkün olacaq. Qarşılıqlı səfərlərin həyata keçirilməsi adi bir hala çevrilməlidir. Eyni zamanda dövlət səviyyəsində əlaqələrin də qurulması tamamilə gözləniləndir. Bunlardan biri parlamentlər arasında əlaqələrin qurulmasıdır. Deputatların qarşılıqlı səfərləri, üçüncü ölkədə görüşlərin keçirilməsi, fikir mübadiləsi də etimadın möhkəmlənməsinə, sülhün yaxınlaşmasına kömək edə bilər.

Diqqəti cəlb edən məsələlərdən biri də ikitərəfli ticarət üçün şəraitin yaradılmasıdır. Ermənistan tərəfdən Azərbaycanla ikitərəfli ticarət əlaqəsi qurmaq barəsində çağırışlar eşidilir. Əlbəttə, hər iki tərəfin maraqlarına uyğun olan razılaşmalar əldə edilə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR