İnsanlara hürriyət, millətlərə istiqlal!

“Belimi qırdınız, məni niyə atdınız axı?”- Yanğında ailəsini itirən şəxsdən təsirli paylaşım

757 08.12.2025 14:20 Ölkə A A

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında dekabrın 5-i baş verən yanğında həyat yoldaşı və iki övladını itirən  Əkrəm Yusifov onların məzarının görüntüsünü paylaşaraq kədərini ifadə edib. O, postunda : “Üç balam getdi. Bu dərdə necə dözüm? Belimi qırdınız. Məni niyə atdınız, axı?” sözlərini paylaşıb. 

Qeyd edək ki, hadisə nəticəsində həlak olan 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova əslən Gədəbəy rayonundandır. O, 2015-ci ildə Füzuli rayonundan olan keçmiş məcburi köçkünlə ailə həyatı qurubmuş. Cütlüyün birgə nikahdan 2016-cı il təvəllüdlü Yusif adlı oğlu və 2019-cu il təvəllüdlü Məryəm adlı qızları olub. Hadisə zamanı ana övladlarını xilas edərkən tüstüdən boğulub və övladları ilə birlikdə dünyasını dəyişib. Hadisə nəticəsində ailənin başçısı da tüstüdən zəhərlənsə də, onun həyatını xilas etmək mümkün olub.

Ailə ilə qonşu olan Füzuli rayon sakini, 1953-cü il təvəllüdlü Yusif Hüseynov da yanğın olan mənzilə daxil olaraq, ailəni xilas etmək istəsə də, tüstüdən boğularaq həyatını itirib. Zülfiyyə Yusifova və onun övladları Gədəbəy rayonunda dəfn olunublar.

Dörd nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər cinayət işi açılıb. Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb. Bildirilib ki, cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR