Londonun cənub-qərbində yerləşən Uimbldon bölgəsinə üz tuturam. İllərdir Londonda yaşasam da, yolum indiyədək bura düşməmişdi. Bu gün isə dünyanın ən nüfuzlu tennis yarışlarından biri hesab olunan “Uimbldon” turnirini yerindən izləmək üçün buradayam.
“Uimbldon” sadəcə tennis turniri deyil. Bu, Böyük Britaniyada yay mövsümünün ən gözlənilən hadisələrindən biri, idman və ənənənin vəhdətidir. Burada hər detal, məşhur çiyələk və qaymaq ənənəsindən tutmuş əsrlərdir qorunub saxlanılan özünəməxsus ab-havaya qədər turnirin zəngin tarixini və fərqli ruhunu əks etdirir.
Turnirə bilet əldə etmək isə heç də asan deyil. Hər il minlərlə insan bilet almaq ümidi ilə püşkatmada iştirak edir. Bu il keçirilən yarış üçün püşkatma qeydiyyatı ötən ilin sentyabr ayında başlayıb və qaliblər 2026-cı ilin mart ayına qədər mərhələli şəkildə məlumatlandırılıblar. Mən də hər il olduğu kimi püşkatmada iştirak etsəm də, hələ ki, qaliblər sırasında yer ala bilməmişəm.
Püşkatmada bilet qazana bilməyənlər üçün başqa seçimlər də var. Mərkəzi və əsas kortlar üçün biletlərin qiyməti adətən 100 funt sterlinqdən başlayaraq daha yüksək məbləğlərə qədər yüksələ bilir. Daha sərfəli variant isə məşhur “The Queue” sistemidir. Bunun üçün insanlar səhər tezdən fiziki növbəyə dayanır, bəzi azarkeşlər isə əsas kortlara bilet əldə etmək ümidi ilə bir, hətta iki gün əvvəl gələrək çadır qururlar. Bu yolla turnir ərazisinə giriş biletlərini (grounds pass) təxminən 10-30 funt sterlinqə əldə etmək mümkündür. Bu biletlə azarkeşlər turnir ərazisinə daxil olaraq kənar kortlardakı oyunları izləyə bilirlər.
Bəzi tennis həvəskarları sevimli oyunçularını izləmək üçün saatlarla, bəzən isə bir gecədən çox növbədə qalmağa belə razı olurlar. Bu da “Uimbldon”un hər il nə qədər böyük maraq doğurduğunu bir daha göstərir.
Bu dəfə isə mən turnirə media nümayəndəsi kimi daxil oluram. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə jurnalist kimi mən də tennis tarixinin ən mötəbər yarışlarından birini yerində izləmək imkanı qazanıram.
Turnir ərazisində eyni vaxtda müxtəlif kortlarda oyunlar keçirilir. Ən böyük maraq isə təbii ki, mərkəzi kort və 1 saylı kortdadır. Turnirin əsas qarşılaşmaları məhz burada baş tutur və bu kortlara daxil olmaq daha çətindir. Digər kortlarda isə tamaşaçıların oyunları izləməsi nisbətən daha rahatdır və azarkeşlər tennis ulduzlarını çox yaxından görmək imkanı əldə edirlər.
Turnir ərazisi təkcə tennisdən ibarət deyil. Burada müxtəlif restoranlar, kafelər və suvenir mağazaları fəaliyyət göstərir. “Uimbldon” loqolu papaqları təxminən 35 funt sterlinqə almaq mümkündür. Maraqlı ənənələrdən biri isə matçlarda istifadə olunmuş tennis toplarının satışıdır. Azarkeşlər bu topları cəmi 2 funt sterlinqə xatirə olaraq əldə edə bilirlər.
Əlbəttə, “Uimbldon”u fərqləndirən əsas cəhətlərdən biri də onun özünəməxsus ab-havasıdır. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar yaşıl çəmənliklərdə istirahət edir, böyük ekranlarda oyunları izləyir, sevimli tennisçilərinə dəstək verirlər. Burada təkcə idman yarışı deyil, həm də əsl yay festivalını xatırladan bir atmosfer hökm sürür.
Beləliklə, əsrlərdir qorunub saxlanılan ənənələri və yüksək səviyyəli təşkilatçılığı ilə seçilən “Uimbldon” bu il də dünyanın diqqət mərkəzində qalaraq minlərlə tennis həvəskarını Londonda bir araya gətirir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London






